Qərbi Azərbaycan Əyalətində yoxsulluq göstəriciləri yüksək həddədir

Qərbi Azərbaycan Əyalətində yoxsulluq göstəriciləri yüksək həddədir

GünAz TV: İran rejiminin Güney Azərbaycana qarşı tətbiq etdiyi ayrı-seçkilik siyasəti müxtəlif  sahələrdə özünü göstərir.

 

Güney Azərbaycanın bütün əyalətlərində ağır iqtisadi vəziyyət hökm sürür. Aşağıda Qərbi Azərbaycan Əyaləti əhalisinin yaşayış səviyyəsi və iqtisadi durumuna işarə olunub. Statistik məlumatlar Məclis Araşdırmalar Mərkəzinin “İranda yoxsulluq həddi 1395-ci ildə (hazırda hicri-şəmsi təqvimi ilə 1398-ci ildir)” adı altında elan olunan hesabatdan götürülüb və rəqəmlərə əsasən  hesablanıb.

 

3 ölkə ilə həmsərhəd olan Qərbi Azərbaycan Əyalətində 5 nəfərdən biri aclıq içindədir.

 

Əyalətdə 643 min nəfərdən ibarət olan 175 min ailə mütləq yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, onların gəliri lazım olan qida məhsullarını əldə etməyə imkan vermir.

 

1396-cı ilin məşğulluq göstəricisinə əsasən Qərbi Azərbaycanda işsizlik səviyyəsi ölkənin orta hesabından 2.3 faiz yüksəkdir. Bu məsələ bölgənin gün keçdikcə daha da yoxsullaşmasına şərait yaradır.

 

Qərbi Azərbaycanda yoxsulların 85 faizdən çoxu şəhərlərdə yaşayır, Araşdırmalar Mərkəzinin hesablamasına görə, onların sayı 547 min nəfərdən çoxdur. Bu rəqəm şəhərlərdə yaşayan əhalinin sayı ilə müqayisədə 4 nəfərdən birinin mütləq yoxsul vəziyyətdə olduğunu və gündəlik qida məhsullarını əldə etməyə qadir olmadığını göstərir.

 

Əyalətin kəndlərində yaşayan əhali şəhər əhalisinə nisbətən daha yaxşı vəziyyətdə olsa da, 96 min nəfərdən ibarət olan 26 min kəndli ailənin mütləq yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı məlum olub. Bu, əyalət kəndlərində yaşayan əhalinin təxminən 9 faizi deməkdir.

 

Qeyd edək ki, 1395-ci ildə şəhərlərdə bir nəfər üçün yoxsulluq həddi 410 min tümən, 4 nəfərlik ailə üçün 1 milyon 110 min tümən müəyyən edilib. Bu rəqəm kəndlərdə 4 nəfərlik bir ailə üçün 492 min tüməndən ibarət olub. Bu rəqəmlər ölkədəki yüksək inflyasiyanı da nəzərə alanda olduqca aşağı məbləğdir. Hesablamalar göstərir ki, yoxsulluq həddi üçün müəyyən edilən məbləğ əhalinin əksəriyyətinin gəlirindən daha çoxdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN