Qərbi Azərbaycan rəhbərliyi əyalətdə ali təhsilli insanların işsizliyi və təhsil problemindən şikayətlənir

Qərbi Azərbaycan rəhbərliyi əyalətdə ali təhsilli insanların işsizliyi və təhsil problemindən şikayətlənir

GünAz TV: Yoxsulluq, işsizlik, təhsil sahəsində olan çatışmamazlıqlar və digər ictimai problemlər Qərbi Azərbaycan Əyalətinin yerli məsullularını dilə gətirib.

 

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur təmsil etdiyi şəhərin İdari Şurasının iclasında çıxış edərkən Qərbi Azərbaycanda çox sayda təhsilsiz insanın olduğundan şikayətlənib.

 

Əyalətdə 50 min nəfər insanın təhsildən məhrum olduğunu deyən millət vəkili bu sahədə olan problemlərin ictimai həyata birbaşa təsir etdiyini deyib: “Bir çox ictimai problem və cinayətlərin kökündə məhz savadsızlıq dayanır. Ona görə də əyalətin bütün icra orqanları savadsızlıq səviyyəsini aşağı salmaq məsələsində Təhsil Şöbəsinin arxasında olmalıdır.”

 

N.Qazipur ictimai problemlərlə əlaqədar Qərbi Azərbaycanın Ədliyyə Şöbəsi və hakimlərim müttəhimlərə qarşı yanaşmasını da tənqid edib.

 

“Məhbusların hamısı heç də maliyyə məsələlərində fəsada bulaşmış cinayətkar insanlar deyil. Maliyyə məsələləri ilə əlaqədar həbs olunanların əksəriyyəti kiçik problemlərdən dolayı həbs cəzasına məhkum edilib. Düşünürəm ki, zindandan son variant kimi istifadə etmək olar, lakin birinci variant kimi yox. Ona görə də  həbs cəzalarının əvəzedici cəzalarla dəyişdirilməsinin tərəfdarıyam”- deyə o bildirib.

 

Qərbi Azərbaycan İctimai Rifah, Əmək və Koorperasiya İdarəsinin rəisi Rza Nağızadə isə bölgədə işsizlik probleminə toxunub.

 

Bu barədə “Təsnim” xəbər agentliyinə danışan R.Nağızadə Qərbi Azərbaycanda 35 min ali təhsilli insanın işsiz olduğunu bildirib.

“Əyalətdə ən azı 120 min işsiz var. Ölkə üzrə işsizlərin üçdə birini ali təhsilli insanlar təşkil edir. Qərbi Azərbaycana gəlincə isə ali təhsilli işsiz insanların sayı 35 min nəfərdən ibarətdir”- deyə o qeyd edib.

 

“Qərbi Azərbaycanda 17 min 65 nəfər kəndli daimi işlə təmin olmaq üçün müraciət edib və qeydiyyata alınıblar. Onları işlə təmin etmək üçün 268 layihə icra olunub, bu, yalnız 1096 nəfərin işlə təmin olunmasına səbəb olub”- deyə Qərbi Azərbaycan İctimai Rifah, Əmək və Koorperasiya İdarəsinin rəisi əlavə edib.

 

Qeyd edək ki, İranda həftədə bir saat işləyən və ya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər siyahısında yer almır. Buna görə də rəsmi olaraq işsiz göstərilənlərin sayı ilə real işsizlərin sayı arasında böyük fərq olur. İşsizliklə bağlı elan olunan statistik məlumat həqiqəti əks etdirmədiyi üçün şübhəsiz ki, Qərbi Azərbaycanda da işsizlərin sayı rəsmi rəqəmlərdən daha çoxdur.

Qərbi Azərbaycanın təhsil sahəsində də bir çox problemlər var. Qərbi Azərbaycan əhalisi və yerli məsullar dəfələrlə bölgələrdə təhsil ocaqlarının olmaması və məktəb binlarının bərbad vəziyyətdə olmasından şikayətləniblər, bu sahədə yaşanan problemlər uzun illərdir səngimək bilmir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN