Qərbi Azərbaycan valisi “Urmiyə 90” komandasına dəstək verməkdən boyun qaçırır

Qərbi Azərbaycan valisi “Urmiyə 90” komandasına dəstək verməkdən boyun qaçırır

GünAz TV: Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari “Urmiyə 90” komandasına dəstək verməmək üçün müxtəlif bəhanələr gətirir.


Bundan əvvəl “Urmiyə 90” Mədəniyyət və İdman Klubunun icraçı direktoru Yəhya Bahari tərəfindən tənqid edilən vali komandanın problemlərinin valiliklə heç bir əlaqəsi olmadığını bildirib. Vali o halda belə bir mövqe sərgiləyir ki, ikinci dəstədə oynayan “Sərdar Bukan” komandasına külli miqdarda vəsait yardım edib.


““Urmiyə 90” komandasının problemlərinin valiylə heç bir əlaqəsi yoxdur.  Ona görə ki, bu komanda valiliklə koordinasiya edilmədən Urmiyəyə gətirilib. Valilik bundan əvvəl bildirmişdir ki, şəhərə birinci dəstənin hansısa komandası gətirilsə, ona dəstək veriləcək. “90” futbol komandasının isə Qərbi Azərbaycana hədiyyə edildiyi bildirildi. Sonra məlum oldu ki, bu komandanın 2.5 milyard tümən borcu var. Sonra komandaya yaşca böyük oyunçular cəlb etdilər, oyunçularla klub arasında müqavilənin hansı şəkildə bağlandığı da məlum olmadı. Həmçinin bildirildi ki, komandaya 4 milyard tümən məbləğində yardım edəcək sponsor tapılıb. Mən də söz vermişdim ki, bu komanda birinci dəstədə ölkənin əsas 5 komandasından biri olarsa, valilik ona dəstək verəcək. Lakin hər şey fərqli oldu”- deyə o bildirib.


Vali heç bir yardım olmadan komandanın ölkənin birinci 5 komandası arasında necə yer ala biləcəyi haqda heç bir açıqlama verməyib.


Qərbi Azərbaycan valisi Bukanda kürdlərin “Sərdar” komandasına etdiyi milyonlar tümən məbləğində yardıma haqq qazandırmaq üçün bildirib ki, “Heç bir vali əyalətin büdcəsini kiminsə sahibi olduğu bir komandaya xərcləməz. Əyalət idmanına yardım etmək isə təmami ilə  başqa məsələdir. Ən uzağı “Sərdar Bukan” komandasına edildiyi kimi, hansısa komandaya 200 milyon tümən yardım etmək olar.”


“Urmiyə 90” Mədəniyyət və İdman Klubunun icraçı direktoru Yəhya Baharinin valiyə cavabı çox gecikməyib. “Təəssüflər olsun ki, bəzi dostlar “Urmiyə 90” futbol komandası haqda valiyə yanlış məlumat veriblər. Misal üçün bu komandanın 2.5 milyard tümən borcu olmayıb və yoxdur. Sadəcə bir oyunçuya müəyyən məbləğ borcu olub,  bu məsələ də razılaşma yolu ilə öz həllini tapıb. Ona görə də bu məsələyə aydınlıq gətirmək üçün Qərbi Azərbaycan valisi ilə birbaşa görüşməyə hazırıq və bunu səbirsizliklə gözləyirik”- deyə o “Fars” xəbər agentliyinə bildirib.


Yəhya Bahari təmsil etdiyi klubun problemləri ilə bağlı daha bir neçə məsələyə toxunub. “Bu komandanın problemləri yalnız valinin işə müdaxiləsi ilə öz həllini tapa bilər. Misal üçün, yarışların keçirildiyi Təxti stadionunun problemi 50 milyon tümənlə  çözülürsə, bu məbləğə görə, bir şəhər və əyaləti biabır edərək dövlətin mülkiyyətini hərraca çıxarmaq düzgün deyil. Bu komandanın 100 problemi var, o problemlərdən yalnız biri maliyyə məsələsidir. 99 faiz problemlər qeyri-maliyyə məsələləri ilə bağlıdır, bütün bunlar səlahiyyətli məsulların səyi nəticəsində öz həllini tapa bilər. Misal olaraq Fərhəngsəra meydançasını məşq üçün komandanın ixtiyarında qoymaq valiliyin səlahiyyətindədir. Biz hər şeydə Qərbi Azərbaycan valisindən yardım gözləyirik. Ona görə ki, bu komanda əyaləti təmsil edən yeganə komandadır və onun yarışlarını izləmək üçün 4 min nəfərdən çox tamaşaçı Təxti stadionunda toplaşır”- deyə icraçı direktor bildirib.


Qeyd edək ki, Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü isə Səqqiz kürdlərindəndir. Bu şəxslər hər zaman Azərbaycana qarşı sərgilədikləri mövqeləri ilə seçiliblər, onlar sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN