Qərbi Azərbaycanda alma ixracatına qoyulan qadağa 40 min ton meyvənin məhv olmasına səbəb olub

Qərbi Azərbaycanda alma ixracatına qoyulan qadağa 40 min ton meyvənin məhv olmasına səbəb olub

GünAz TV: Ötən aylarda İran rejiminin laqeyd münasibəti nəticəsində Qərbi Azərbaycanın soyuducu anbarlarında saxlanılan 40 min ton alma məhsulu məhv olub, buna heç bir hökumət orqanı cavabdeh olmur.

 

Bu barədə yayılan xəbərləri Qərbi Azərbaycan Soyuducu Anbar Sahibləri Dərnəyinin rəisi təsdiq etsə də, Kənd Təsərrüfatı Nazirliyinin məsulları xəbəri təkzib edir.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Qərbi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının rəsmisi Əkbər Kəraməti mövzu ilə bağlı verilən sualın cavabında bu barədə hərhansı məlumata malik olmadığını bildirib.

“Bunun üçün fakt göstərilməlidir. Biz belə bir hadisəyə rast gəlmədik. 40 min ton olduqca böyük rəqəmdir. Bu barədə yayılan xəbərlər əsassız iddiadan başqa heç nə deyil.”- deyə o qeyd edib.

 

Qərbi Azərbaycan Soyuducu Anbar Sahibləri Dərnəyinin rəisi Ağabalazadə isə əyalətdə istehsal olunan 40 min ton almanın məhv olduğuna dair xəbəri təsdiqləyib.

“Bu doğru xəbərdir. Novruz bayramından sonra soyuducu anbarlarda 40 min ton alma mövcud idi. İxracın tam vaxtında alma yükü ilə dolu 200-250 arasında TIR sərhədlərə doğru hərəkət edirdi. Yük maşınları sərhədlərə yaxınlaşdığı bir vaxtda Ticarət, Mədən və Sənaye Nazirliyi Gümrük İdarələrinə göstəriş verərək alma məhsulunun ixracatını qəflətən dayandırdı. Yük maşınlarının hamısı soyuducusuz və adi maşınlar olduğu üçün bütün meyvələr xarab oldu və təxminən pulsuz, dəqiq desək kilosu 1000 tümənə bəzi meyvə emalı zavodlarına satıldı.

Alma məhsulunun ixracatına qoyulan qadağa 45 gündən 50 günə qədər davam etdi. Bu müddətdə bütün meyvələr xarab olaraq sıradan çıxdı.”- deyə Ağabalazadə qeyd edib.

 

O sözlərinin arasında bildirib ki, Qərbi Azərbaycan alması soyuducu anbarlarda ən çox 5, 6 ay saxlanıla bilər. Bu müddətdən çox qalarsa xarab olaraq sıradan çıxır.

 

Qərbi Azərbaycan Soyuducu Anbar Sahibləri Dərnəyinin rəisi Ticarət, Mədən və Sənaye Nazirliyinə xitabən bildirib ki, nə üçün almanın ixracatına qadağa tətbiq olundu? Nə üçün bağbanlar bu qədər ziyana düşməli idi? Qərbi Azərbaycan ölkənin alma məhsuluna olan ehtiyacının üçdə birini təmin etdiyi halda, nə üçün qadağa ilə bağlı qərar qəbul olunarkən Qərbi Azərbaycan rəhbərliyi ilə məsləhətləşməyi unutdular?

 

Məhsulun xarab olması ilə Qərbi Azərbaycan bağbanlarına ağır ziyan dəydiyini bildirən Ağabalazadə sözlərinin sonunda qeyd edib ki, ixaratın qadağası ilə bağlı qərar Tehranda verildiyi üçün yerli məsullar, o cümlədən millət vəkilləri problemin aradan qaldırılmasına cəhd göstərmədilər.

 

Qərbi Azərbaycan Əyaləti İranda alma məhsulu istehsalı üzrə əsas qütb sayılır. Lakin hər il azərbaycanlı bağbanlar minbir zəhmətlə becərdikləri məhsulu satmağa yer tapmır. Məhsulun ixrac edilməsinə qoyulan qadağa isə xüsusi diqqət çəkir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN