Qərbi Azərbaycanın sərnişin daşıyan “soyuducuları”- avtobuslar: Əyalətdə ictimai nəqliyyat bərbad vəziyyətdədir- FOTO

Qərbi Azərbaycanın sərnişin daşıyan “soyuducuları”- avtobuslar: Əyalətdə ictimai nəqliyyat bərbad vəziyyətdədir- FOTO

GünAz TV: Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində ən böyük problemlərdən biri olan ictimai nəqliyyat sistemi hələ də bərbad vəziyyətdədir.

 

Soyuq bölgələrdə ictimai nəqliyyatda istilik sistemlərinin qış aylarında işlək vəziyyətdə olması əsas şərtlərdən biridir. Lakin Urmiyada şəhər daxili avtobusların bir çoxunun istismar müddəti çoxdan başa çatdığından, istilik sistemləri xarab vəziyyətdədir. İstilik sistemi işləyən avtobuslar sürücüləri isə benzinin qiymətinin artmasından sonra benzinə qənaət etmək məqsədilə onu qoşmaqdan imtina edirlər.

 

“İsna” xəbər agentliyi məsələ ilə bağlı Urmiya sakinləri ilə müsahibələr aparıb. Səhər Mədədi adlı güney azərbaycanlı xanım agentliyə bildirib ki, avtobuslarla hərəkət etmək təxminən qeyri-mümkündür.

 

“Hər gün səhər tezdən işə gedirəm. Avtobuslarda sürücülər isidicini qoşmadığından, içəri çox soyuq, plastik materialdan olan oturacaqlarda oturmaq isə qeyri-mümkün olur. Sürücüyə etiraz edəndə isə deyir ki, benzin bahadır, isidicini yandırsam, benzin xərclərim artacaq”, - deyə xanım Mədədi bildirib.

 

Əhməd Rzayi adlı şagird də avtobuslarda oxşar problemlərin olduğunu və buna görə də, məktəbə qədər olan yolu piyada getməyə məcbur qaldığını deyib.

 

 

Digər Urmiya sakinləri isə BRT markalı avtobusların istismar müddətlərini başa vurduqlarını, onlarla gedib-gəlməyin həqiqətən məşəqqətli olduğunu bildiriblər. Sakinlər avtobusların pəncərələrinin olmaması və kondisionerlərinin də xarab olmasına görə, yayın isti aylarında da onlarla hərəkət etməyin mümkün olmadığını qeyd ediblər.

 

“Avtobuslar istismar müddətlərini başa vurduqları üçün havaya həddən artıq qaz buraxırlar və bu da öz növbəsində çirklənməyə səbəb olur. Rəsmilər isə bu problemi həll etmək üçün heç bir tədbir görmürlər”, - deyə Urmiya sakinləri vurğulayıblar.

 

Urmiya İcra Hakimiyyətinin nəqliyyat, yük daşıma və sərnişin daşıma şöbəsinin müdiri Mehdi Mojdeifər isə sakinlərin dediklərini təkzib edib, avtobusların istilik sistemlərindən istifadə etdiklərini iddia edib. O, həmçinin avtobusların istismar müddətlərini başa vurmadıqlarını iddia edib, həmçinin onları havaya qara tüstü çox buraxmalarını isə dizel yanacağı ilə işləmələri ilə əlaqələndirib.

 

Rəsminin insanların dilə gətirdikləri həqiqətləri inkar etməsi göstərir ki, Qərbi Azərbaycan əhalisi, xüsusən Urmiya sakinləri hələ uzun illər yararsız avtobuslarla hərəkət etməli olacaqlar.

 

Hava çirklənməsinin əsas səbəblərindən biri istifadə müddətini başa vurmuş və standartlara cavab verməyən maşınlardan istifadə hesab edilir. Təkcə ötən 10 gün ərzində Urmiyada hava çirkliliyi səbəbindən məktəblərdə tətil elan edilib.

 

Urmiya rəsmiləri tez-tez avtobusların təmir olunması və modernləşdirilməsi ilə bağlı məlumat yayırlar. Lakin problemlərin hələ də aradan qalxmaması sübut edir ki, şəhər avtobusları o qədər yararsız vəziyyətdədir ki, artıq təmir də bir işə yaramır. Buna görə də, Urmiyada ictimai nəqliyyat yenidən təşkil edilməli, bütün avtobuslar yeniləri ilə əvəz edilməlidir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN