Qəzvinin bələdiyyə məmurları bir səyyar satıcını döyərək xəstəxanalıq ediblər

Qəzvinin bələdiyyə məmurları bir səyyar satıcını döyərək xəstəxanalıq ediblər

GünAz TV: Ötən günlərdə bir jurnalisti döyən Qəzvinin bələdiyyə məmurları bu dəfə səyyar satıcını döyərək xəstəxanalıq ediblər.

 

Hadisə Qəzvinin “Sepəh” xiyabanında baş verib.

 

Bəzi mənbələr döyülən satıcının adının İsmayıl Cani olduğunu qeyd edib. Məlumata görə, meyvə satmaqla məşğul olan satıcı bələdiyyə məmurlarının hücumuna məruz qalaraq döyülüb.

 

Bu barədə Qəzvin Bələdiyyə İdarəsinin Təhlükəsizlik Bölümünün rəisi Məhəmməd Əhmədi mətbuata danışıb.

“Səyyar satıcılara qarşı tədbir görülməyəndə mağaza sahibləri bizdən şikayət edir, tədbir görəndə də belə məsələlər ortaya çıxır.

Əhalinin ağır iqtisadi vəziyyətini nəzərə alaraq müxtəlif iclaslar keçirib və hər kəsdən istəmişik ki, küçə ticarəti ilə məşğul olanlara qarşı zor tətbiq etməsinlər”- deyə o bildirib.

 

Məhəmməd Əhmədi əlavə edib ki, xəstəxanadan verilən məlumata görə, satıcıya ciddi xəsarət dəyməyib, onun xəstəxana xərcləri də Bələdiyyə İdarəsi tərəfindən təmin olunacaq.

 

Ötən cümə günü isə bir jurnalist Qəzvinin bələdiyyə məmurları tərəfindən döyülərək xəstəxanalıq olmuşdur. O Qəzvində bir evin Bələdiyyə İdarəsi tərəfindən söküldüyü anı kameraya çəkdiyi zaman məmurların hücumuna məruz qalmışdır.

 

Son aylarda onlarla azərbaycanlı satıcı Təbriz, Urmiyə, Qoşaçay, Xoy, Aslanduz, Zəncan, Qum və s. kimi şəhərlərdə Bələdiyyə İdarəsinin məmurları tərəfindən vəhşicəsinə döyülərək iş yerindən uzaqlaşdırılıb.

 

Güney Azərbaycanda işsizlik problemi dözülməz həddə çatıb. Bu səbəbdən bir çox gənc küçə ticarəti və səyyar satıcılıqla məşğul olur. Satıcılar müxtəlif şəhərlərdə vaxtaşırı bələdiyyə məmurlarının hücumuna məruz qalır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN