Rəsmi dairələr Astaranın Gilana aid olduğunu göstərməyə çalışır, bu istiqamətdə sərgi keçiriləcək

Rəsmi dairələr Astaranın Gilana aid olduğunu göstərməyə çalışır, bu istiqamətdə sərgi keçiriləcək

GünAz TV: Azərbaycanın tarixi şəhəri Astara və “Heyran gədiyi”ni Gilan Əyalətinin bir hissəsi kimi göstərmək istəyənlər bu dəfə fərqli tədbir düşünüblər.

 

Məlumata görə, Rəşt Milli Kitabxana və Sənədlər Mərkəzi sözdə Astaranın tarixi haqda topladığı sənədləri bir sərgidə nümayiş etdirməyi planlaşdırır.

 

Bu barədə Gilan Milli Kitabxana və Sənədlər Mərkəzinin müdiri xanım Jalə Həssasxah məlumat verib. Onun sözləri “İrna” xəbər agentliyində işıqlandırılıb.

“Son vaxtlar “Heyran gədiyi” və Astara şəhəri ətrafında baş verən gərgin hadisələr səbəbindən bu bölgəyə aid tarixi sənədlər açıqlanacaq”- deyə J.Həssasxah bildirib.

 

Onun sözlərinə görə, son vaxtlar toplanan sənədlər mayın 11-də (İranda milli sənədlər gününə təsadüf edir) Astarada keçiriləcək sərgidə nümayiş etdiriləcək.

 

Gilan Milli Kitabxana və Sənədlər Mərkəzi müdirinin dediyinə əsasən, sərginin keçirilməsini Astara məsulları, xüsusi ilə də şəhərin yerli olmayan İcra Hakimiyyəti başçısı (fərmandar) Yunis Rənckeş tələb edib.

 

Qeyd etmək lazımdır ki, aprelin 17-də Astara Şəhər İcra Hakimiyyəti ilə Rəşt Milli Kitabxana və Sənədlər Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Əməkdaşlıqdan məqsəd, Astara üçün mədəni, ictimai və tarixi sənədlərin toplanması olub.

 

Son vaxtlar Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi” və Astara şəhərinin tarixi kimliyinin Gilan Əyalətinin xeyirinə olaraq saxtalaşdırılmasında xüsusi aktivlik müşahidə olunur.

Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbilin isə 70 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.

 

Problem bununla da məhdudlaşmır. Ötən Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN