Ruhulla Həzrətpur məktəblərdə ana dillərinin tədris olunmasını tələb edib

Ruhulla Həzrətpur məktəblərdə ana dillərinin tədris olunmasını tələb edib

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur qeyri-fars dillərinin sıradan çıxması ilə bağlı xəbərdarlıq edərək ana dillərinin məktəb və universitetlərdə tədris olunmasını tələb edib.

 

O bu barədə “Xane-yi millət” xəbər agentliyinə danışıb.

 

“Qanuna görə, məktəb və universitelərdə dərslər fars dilində keçirilir. Bu, başa düşüləndir. Lakin yerli dillərin gücləndirilməsi üçün də xüsusi proqramımız olmalıdır. Bunun üçün Təhsil və Elm, tədqiqat və texnologiyalar Nazirliklərinə yerli dillərin tədrisi ilə bağlı təkliflər irəli sürmüşük. Təəssüflər olsun ki, onlar bu istiqamətdə çox az iş görüblər”- deyə o bildirib.

 

Millət vəkilinin fikrinə görə, “ana dilləri, o cümlədən türk dilinin əyalətlərin universitetlərində tədris olunması, həmçinin bu ixtisas üzrə öyrənci qəbul edilməsi, dilləri gücləndirməklə yanaşı yerli adət-ənənələrin qorunub saxlanılmasına da səbəb olacaq. Fikrimcə, bu proses hətta bölgələrin iqtisadiyyatının inkişafı üçün də lazımdır.”

 

“Yerli dillərin məktəb və universitetlərdə tədris olunması qövmlərin təbii haqqıdır. Bütün İran əhalisi ölkədə bərabər hüquqa malik olduğunu bilməlidir. Ona görə də ölkənin rəsmi dili ilə yanaşı yerli dillər də gücləndirilməlidir”- deyə azərbaycanlı millət vəkili vurğulayıb.

 

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, məktəblərdə fars dili ilə yanaşı yerli dillərin tədris olunması azaddır. Bu tələb milyonlarla azərbaycanlı tərəfindən də irəli sürülür, lakin İran rejimi günümüzə qədər bu istiqamətdə hər hansı addım atmayıb, rejimə qarşı etirazlar isə getdikcə genişlənir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN