Ruhulla Həzrətpur Türk Bölgələri Fraksiyasının fəaliyyətsizliyindən danışıb

Ruhulla Həzrətpur Türk Bölgələri Fraksiyasının fəaliyyətsizliyindən danışıb

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur hökumətin Azərbaycanla bağlı ümumi siyasəti və 2016-cı ildə İran parlamentində yaradılan Türk Bölgələri Fraksiyasının vəziyyəti haqda yerli mətbuata danışıb.

 

Millət vəkili vurğulayıb ki, “hər zaman deyilir ki, Azərbaycan İranın başıdır. Lakin bu, əməldə və Azərbaycana verilən imkanlarda özünü göstərmir.”

 

Türk Bölgələri Fraksiyasının üzvü təmsil etdiyi fraksiya haqda bəyan edib ki, “fraksiya təsisi edildiyi zaman, iki dəfə iclas keçirildi, fraksiyanın rəyasət heyəti də müəyyənləşdi. Lakin bundan sonra onun fəaliyyət icazəsi olmadığı haqda xəbərlər yayıldı. Bu çox qəribə hadisədir. Əgər fraksiyaya fəaliyyət icazəsi verilməyəcəkdisə, o zaman onun təsis edilməsinə nə üçün icazə verildi və rəyasət heyəti seçildi?! Biz ölkəni bölməyə çalışmırıq. Lakin İran terkləri və Azərbaycanın problemlərini rəsmi idarələr və orqanlar vasitəsi ilə həll etmək istəyirik.”

 

R.Həzrətpur Türk Bölgələri Fraksiyasının gələcək taleyi ilə bağlı belə deyib:  “Hazırda fraksiyadan heç bir xəbər yoxdur. Kimsə bu haqda cavabdeh də olmur. Hər kəs öz fikrinə görə müsahibə verir, lakin fraksiyanın vəziyyəti ilə əlaqədar dəqiq olaraq heçnə bilinmir. Bütün bunlara baxmayaraq biz məsələnin nə yerdə olduğunu Dr.Pezeşkiyanın vasitəsi ilə öyrənməyə və fraksiyanın fəaliyyətinin davam etdirilməsinə çalışacayıq.”

 

Azərbaycanlı millət vəkili Urmu gölünün canlandırılması məsələsinə də toxunub.

 

“Dövlət gələn ilin büdcə layihəsində Urmu gölü, çay və gölməçələrin bərpası üçün büdcə nəzərdə tutmayıb. Hətta bəzi digər mühüm işlərə də büdcə ayrılmayıb. Urmu gölünün canlandırılması ilə əlaqədar çalışan bir sıra orqanlar isə bu günə qədər ayrılan vəsaiti yalnız salon tikdirmək, stol (miz) və stul (səndəli) almağa xərcləyiblər. Bu düzgün deyil. Görülən işlər dəqiq olaraq ictimaiyyətə açıqlanmalıdır. Ən azı əhali bilməlidir ki, müəyyən işlər görülüb, lakin nəticə əldə olunmayıb”- də o vurğulayıb.

 

R.Həzrətpur Urmu gölünün canlandırılması ilə bağlı yerli və digər mütəxəssislərin təklif etdiyi çıxış yollarına diqqət yetirilməli olduğunu da xüsusi vurğulayıb.

 

Qeyd edək ki, İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin oktyabrında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunmuşdu. Bir çox azərbaycanlı fəal bu fraksiyanın təsisini xüsusilə İranda türk varlığının tanınması istiqamətində önəmli bir addım kimi hesab edir, lakin fraksiyanın gələcək taleyi sual altındadır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN