“Şəhrdari” voleybol komandasının ləğvi məsələsi gündəmdə: Qərara “İxtilafları Həll edən Heyət” baxacaq

“Şəhrdari” voleybol komandasının ləğvi məsələsi gündəmdə:  Qərara “İxtilafları Həll edən Heyət” baxacaq

GünAz TV: Urmiyə Şəhər Şurasının israrı nəticəsində “Şəhrdari” voleybol komandasının ləğvi ilə bağlı qərar “İxtilafları Həll edən Heyət”ə göndərilib.

 

Bu barədə Şuranın “Sepah” üzvü olan üyəsi Hüseyn Pənahi “Təsnim” Xəbər Agentliyinə danışıb.

 

“Urmiyə Şəhər Şurasının 8 üzvü bu şəhərin “Şəhrdari” voleybol komandasının ləğv olunması ilə bağlı yenidən qərar verib. Bu səbəbdən Şuranın təsdiq etdiyi qərar “İxtilafları həll edən Heyət”ə göndərilib.

Şura üzvləri Bələdiyyə İdarəsinin komanda saxlamasına qarşı olmaqda israrlıdır. “İxtilafları Həll edən Heyət”in verəcəyi qərar Şura və ya Şəhər İcra Hakimiyyətinin xeyirinə olacaq”- deyə o bildirib.

 

“Sepah” üzvü həmçinin əlavə edib ki, “Şəhrdari” komandasının ləğvinə dair qərar rədd edilərsə, Şura “İdarələrin Ədalət Divanı”na şikayət etmək hüququnu özündə saxlayır.

 

Ötən ay Urmiyənin Şəhər Şurası “maliyyə sıxıntıları” bəhanəsini önə çəkərək bu şəhərin “Şəhrdari” voleybol komandasının ləğvi ilə bağlı qərar çıxarıb. Şuranın Azərbaycana qarşı yönələn qərarı azərbaycanlı milli-mədəni fəallar və bəzi yerli məsulların kəskin etirazı ilə qarşılanıb.

 

Şuranın qərarı bir neçə gün əvvəl Urmiyə Şəhər İcra Hakimiyyəti tərəfindən rədd edilib.

 

Bu hadisədən sonra komandanın ləğv edilməsinə tərəfdar olan Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari, Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı Abbas Həsənxanini tutduğu vəzifədən azad edib. Vali verdiyi qərarın təfərrüatı barədə heç bir açıqlama verməyib.

 

Sentyabrın 8-də Şəhər Şurasının sözçüsü Məhəmməd Xəlilpur bələdiyyə işçilərinin əmək haqqı məsələsini komandanın ləğv edilməsi üçün bəhanə olduğunu bildirib.

 

Azərbaycanlıların çox sevdiyi “Şəhrdari” voleybol komandası müxtəlif yarışlarda bir çox uğurlara imza atıb. Bu komandanın gələcək fəaliyyətinin sual altında olması, təkcə Urmiyə əhalisi deyil, bütün güney azərbaycanlıların nigaranlığına səbəb olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN