Şərqi Azərbaycan valisi İbrahim Rəisinin qatıldığı iclasda Azərbaycana qarşı ayrı-seçkilikləri sərt tənqid edib

Şərqi Azərbaycan valisi İbrahim Rəisinin qatıldığı iclasda Azərbaycana qarşı ayrı-seçkilikləri sərt tənqid edib

GünAz TV: Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycana qarşı ayrı-seçkiliklərə son qoyulmasını tələb edib.

 

O bu barədə oktyabrın 31-də Şərqi Azərbaycan İdarələr Şurasının keçirdiyi iclasda danışıb.

 

Vali Məhkəmə Sisteminin rəisinin qatıldığı iclasda olduqca önəmli məsələlərə toxunub.

“İqtisadiyyat və büdcənin düzgün paylaşılması sahəsində ədalət təmin olunmalıdır. Səhiyyə, quruculuq işləri və s. kimi sahələrə aid göstəricilər ölkədə ədalətin təmin olunmadığını göstərir. Son 20 il ərzində müxtəlif hakimiyyətlər olsa da, bu zəmində ciddi irəlləyiş müşahidə olunmayıb.

Hər kəs Təbrizi sənaye baxımından inkişaf etmiş şəhər hesab edir, lakin reallıq bunu göstərmir. Şərqi Azərbaycanda əsas göstəricilər enən xətt üzrə inkişaf edir. Elit təbəqə və ali təhsilli insanlar imkanların məhdud olmasından əyalətdən köçür. Şərqi Azərbaycan ali təhsilli insanların işsizlik səviyyəsi üzrə ölkədə birinci yerdədir. Əyalətimiz ərazisi və əhalisinin sayına görə ölkənin 4.9 faizini təşkil edir. Lakin bizim payımıza düşən büdcə 3.5 faizdən də azdır. Bu o deməkdir ki, Şərqi Azərbaycana ayrılan büdcə ölkənin orta hesabından aşağıdır.”- deyə o söhbətinin bir hissəsində qeyd edib.

 

Şərqi Azərbaycan valisi bölgənin müxtəlif sahələrinə  sərmayə yatırmağın zəruriliyinə də toxunub. O bildirib ki, “biz əyalətə sərmayə yatırmaqla bir çox problemi aradan qaldıra bilərik.  Şərqi Azərbaycan Asiya qitəsinin Avropaya qapısıdır. Lakin biz çıxılmaz vəziyyətdə qalmışıq. Magistral yol, dəmiryolu və s. məsələlər öz həllini tapmır. Şərqi Azərbaycan mis ehtiyatları baxımından ölkədə birinci yerdədir. Dünyanın 1 faiz misi məhz bu əyalətdədir.”

Vali Şərqi Azərbaycanın digər qiymətli metallar ehtiyatları ilə zəngin olduğunu da xatırladıb. O mədən işlərinin neftdən daha gəlirli olduğunu vurğulayaraq məhsulun xammal kimi satılmasını bu sahənin əsas problemi adlandırıb.

 

Sözlərində bölgəyə sərmayə yatırılmadığına və ölkə büdcəsinin ədalətli şəkildə paylaşılmadığına xüsusi diqqət çəkən Məhəmmədrza Purməhəmmədi hətta yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar toplanan milyardlarla tümən vəsaitin dövlət xəzanəsinin hesabına yatırıldığını bildirib. O vurğulayıb ki, bu məbləğ əslində əyalətə qaytarılmalıdır, lakin buna əməl olunmur. Ona görə də hesab eliyirəm ki, məhkəmə sistemi bu məsələlərə nəzarət etməlidir.

 

“Ölkə büdcəsinin 85 faizi Tehrana aiddir. Qalan 15 faizi əyalətlərə ayrılır. Biz bu vəsaitlə əyalətin əsas problemlərini həll edə bilmirik. Bütün bunları nəzərə alaraq biz məhkəmə sistemindən əyalətlərlə bağlı ədalətin təmin olunması və qanunların icra edilməsi istiqamətində tədbir almasını istəyirik.”- deyə Şərqi Azərbaycan valisi əlavə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN