“Şərqi Azərbaycanda təbii fəlakətlərə qarşı önləyici tədbirlər alınmalıdır”

“Şərqi Azərbaycanda təbii fəlakətlərə qarşı önləyici tədbirlər alınmalıdır”

GünAz TV: Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin rəisi Məhəmmədbaqir Hünərbər təmsil etdiyi əyalətdə təbii fəlakətlərə qarşı daha ciddi önləyici tədbirlərə ehtiyac olduğunu vurğulayıb.

 

O bildirib ki, əyalətdə çoxlu təbii fəlakətlər və müxtəlif hadisələr baş verir. Lakin yetəri qədər önləyici tədbir alınmır, bu problem aradan qaldırılmalıdır.

 

Məhəmmədbaqir Hünərbər bu barədə Şərqi Azərbaycan Əyalətində təbii böhranların idarə olunması ilə bağlı keçirilən tədbirdə danışıb.

 

Bütün hallarda önləyici tədbirlərin əhəmiyyətli olduğunu deyən Təcili Yardım Mərkəzinin rəisi bildirib ki, son vaxtlar əyalətdə baş verən sel və daşqınlar, həmçinin  Təbrizin ikiqapılı bazarındakı yanğın önləyici tədbirlərin lazımlı səviyyədə olmadığını, bu istiqamətdə daha ciddi tədbirlərə ehtiyac olduğunu göstərdi.

 

O əlavə edib ki, daxili işlər nazirinin müavini sözügedən yanğının qısa müddətdə söndürülməsi ilə bağlı Şərqi Azərbaycan valisini tabeliyində olan aidiyyatı orqanların fəaliyyətinə görə təqdir edib.

 

Məhəmmədbaqir Hünərbər Şərqi Azərbaycanın İranda ən çox selə məruz qalan üçüncü əyalət olduğunu bildirərək aidiyyatı orqanlara xitabən qeyd edib ki, sel və zəlzələ ilə bağlı il ərzində müxtəlif önləyici tədbirlər barədə qərar verilməli, həmin tədbirlər elan olunub və həyata keçirilməlidir.

 

Qeyd edək ki, may ayında Təbrizin ikiqapılı bazarında baş verən şiddətli yanğından sonra yerli məsullar, o cümlədən bir neçə millət vəkili əyalətdə yanğın kimi hadisələr və təbii fəlakətlərə qarşı önləyici tədbirlər və bu istiqamətdə imkanların məhdud olduğuna etiraz etmişdilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN