Şərqi Azərbaycandan 12 əsər İranın qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Şərqi Azərbaycandan 12 əsər İranın qeyri-maddi mədəni irs siyahısına daxil edilib

GünAz TV: İranda siyahıya alınmış Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin sayı getdikcə artır.

 

Bu barədə Şərqi Azərbaycan Mədəni Miras Şöbəsinin icraçı direktoru Məhəməd Fəthi jurnalistlərə məlumat verib.

 

O bildirib ki, çağdaş aşıq sazının sələfi sayılan “Qopuz”un düzəltmə bacarığı İranın qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

M.Fəthi həmçinin aşıq Səlcuq Şəhbazinin “Aşıq musiqisində canlı bəşər xəzinəsi” kimi mədəni irs daşıyıcıları siyahısına daxil edildiyini bildirib.

 

Onun sözlərinə görə, Şərqi Azərbaycandan daha 10 qeyri-maddi mədəni irs nümunəsi siyahıya alınıb:

““Aşıq Qərib və Sənəm” aşıq dastani, Təbrizin klassik ağac oyma sənəti”, Təbriz bazarının dəmirçilik sənəti, Binabın bıçaq düzəltmə sənəti, Təbrizin nəstəliq xəttinin mənşəyi olması, Məlikanın Ağminar kəndinin çərşənbə xatun (çərşənbə nənə) ənənəsi, Xaminənin yerli kükü çörəyinin hazırlanması, Bostanabadın fətir çörəyinin bişirilməsi, Culfanın “Aş-qurut gilə” yeməyinin hazırlanması və Təbrizdə əldə tikilən ayaqqabı sənəti.”

 

Şərqi Azərbaycan Mədəni Miras Şöbəsinin icraçı direktorunun sözlərinə görə, “yeni nümunələr qeydə alındıqdan sonra ölkənin qeyri-maddi mədəni irs siyahısında Şərqi Azərbaycana aid olan əsərlərin sayı 1800-ü keçib. Bu, Azərbaycan mədəniyyətinin olduqca qədim və zəngin olmasına dəlalət edir.”

 

Bu arada aşıq sənətinin nümayəndəsi kimi aşıq Qərib Azərbaycan və Təbriz adına Yunesko-nun mədəni irs siyahısına daxil edilib. Dədə aşıqlardan birinin Yunesko-nun siyahısında qeydə alınması “Aşıqlar Birliyi”-nin qurucusu aşıq Səlcuq Şəhbazinin uzun müddət səyi nəticəsində mümkün olub. O bu haqda 2017-ci ilin dekabr ayında Tehranda keçirilən “Beynəlxalq Aşıq Qərib” festivalında Yunesko-nun İrandakı nümayəndəsi ilə razılığa gəlmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN