“Şimali Azərbaycan Əyaləti yaratmaq planı insanları narahat edir” – Ərdəbilin millət vəkili

“Şimali Azərbaycan Əyaləti yaratmaq planı insanları narahat edir” – Ərdəbilin millət vəkili

GünAz TV: Ərdəbilin İran parlamentindəki millət vəkili Məhəmməd Feyzi rejimin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərini parçalamaqla bağlı qərəzli ssenarisinə reaksiya verərək plana qarşı çıxacaqlarını bildirib.

 

Bu barədə Ərdəbil, Nir, Nəmin və Səreynin millət vəkili Teleqram səhifəsində məlumat paylaşıb.

 

““Şimali Azərbaycan” Əyalətinin yaradılmasına dair təklif layihəsi hazırlayan deputatlara hörmət edirəm, lakin düşünürəm ki, Ərdəbil Əyaləti yaradılarkən Xalxal, Muğan və Meşginşəhrin potensial imkanları nəzərdən keçirilib və məhz bu səbəbdən Ərdəbil bölgəsinə əyalət statusu verilib. Məncə bu plan Ərdəbil və hətta Şərqi Azərbaycan əyalətlərinin xeyirinə deyil, proses davam edərsə, bu plana qarşı çıxacayıq”- deyə o bildirib.

 

Millət vəkili Ərdəbil valisinə müraciət edərək ondan ictimai rəyə qoşulmasını və məsələyə müdaxilə etməsini tələb edib.

 

“Ərdəbil Əyalətində yerləşən şəhərlərin adət-ənənələrinin eyn olması bölgədə böyük potensiala malik olan Ərdəbil Əyalətini ortaya çıxardıb, ona görə də hətta əyalətin bir hissəsinin ondan ayrılması ilə bağlı xəbər insanları narahat edir”- deyə M.Feyzi əlavə edib.

 

“Şimali Azərbaycan” Əyalətinin təsis edilməsi ilə bağlı xəbər birinci dəfə Meşginşəhrin millət vəkili Vəli Məleki tərəfindən mətbuata çıxarılıb. Bu plan Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin parçalanmasına xidmət edən ssenaridir.

 

Azərbaycana qarşı yönələn layihə təklifi Meşginşəhr, Parsabad və Biləsuvar, Germi, Əhər, Vərziğan, həmçinin Kəleybər, Xudafərin və Hurandın millət vəkilləri tərəfindən imzalanıb. Bu təklif güney azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

 

Şübhəsiz ki, “Şimali Azərbaycan” Əyalətinin təşkili məsələsi Güney Azərbaycanı daha çox parçalamağa yönəlib, bəzi azərbaycanlı millət vəkilləri də qərəzli şəkildə hazırlanmış ssenarinin icraçılarıdır. Güney Azərbaycan birinci müxtəlif bölgələrə parçalanır, sonra əyalətlərin əhalisi arasına nifaq salınır. Bəzi əyalətlərin üzərindən isə ümumiyyətlə Azərbaycan sözü götürülür. Həmədan, Ərdəbil, Zəncan və Qəzvin əyalətləri o cümlədəndir.

 

Bu ssenarinin başqa bir hədəfi də Azərbaycan Respublikası ilə bağlıdır. Ona görə ki, bir çoxları, xüsusi ilə də güney azərbaycanlılar Azərbaycan Respublikasını “Şimali Azərbaycan” adlandırır. İranda “Şimali Azərbaycan” Əyalətinin yaradılması ölkə əhalisi ilə yanaşı, dünya ictimaiyyətinə də fərqli mesaj verə bilər. Bütün bunlar “Şimali Azərbaycan” Əyalətinin yaradılması planının qəbulolunmaz nəticələridir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN