Tanınmış azərbaycanlı fəal ustad Həsən Dəmirçi vəfat edib

Tanınmış azərbaycanlı fəal ustad Həsən Dəmirçi vəfat edib

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçi Təbrizin “Ali nəsəb” xəstəxanasında vəfat edib.

 

O iyunun 24-ü sübh saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mərhumun cəsədinin Təbrizin “Vadi rəhmət” qəbiristanlığının morquna aparıldığı bildirilir.

 

Ürək infarktı keçirən tanınmış fəal may ayının əvvəllərində “Ali Nəsəb” xəstəxanasına yerləşdirilmişdir. O xəstəxanada müalicə aldığı müddətdə  Güney Azərbaycanın müxtəlif şəhərlərindən çox sayda milli-mədəni fəal “Ali nəsəb” xəstəxanasına gedərək ustadın vəziyyəti ilə maraqlanmışdır.

 

Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr etmişdir. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

 

H.Dəmirçi Güney Azərbaycanın klassik və muğan musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.

 

Azərbaycanlı fəal, mərhum Prof. Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyət Ocağı” Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.

 

“Azərbaycan Mədəniyət Ocağı” Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar.

 

Dərnəyin kurslarında tar, kamança, qarmon, qara zurna, qaval və s. kimi Azərbaycan musiqi alətləri öyrədilir. Dərnəkdə həmçinin türk dilində avaz oxumaq və Azərbaycan rəqsi kusrları təşkil olunur.

 

H.Dəmirçi muğam musiqisi haqda bir neçə cild kitabın müəllifidir.

 

“Həsən Azərbaycan” adı ilə tanınan mərhum Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN