Təbriz derbisi “Traxtur”un qələbəsi ilə başa çatıb, stadionda milli şüarlar səsləndirilib

Təbriz derbisi “Traxtur”un qələbəsi ilə başa çatıb, stadionda milli şüarlar səsləndirilib

GünAz TV: Avqustun 30-u, yerli vaxtla saat 18:00-da başlayan Təbriz derbisi “Traxtur”un qələbəsi ilə başa çatıb.


İran üzrə 18-ci super liqa yarışlarının 6-cı həftəsində “Traxtur”la “Maşınsazi” Təbrizin səhənd stadionunda üz-üzə gəlib. Qardaş komandaların oyunu 2:1 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.


Antoni Stux 48 və Məsud Şucayi 60-cı dəqiqədə “Traxtur” tərəfindən qol vurublar. “Maşınsazi”nin yeganə qolu isə İrfan Əfzar tərəfindən 92-ci dəqiqədə vurulub.


Stadionda 40 min soydaşımız tamaşaçı qismində iştirak edib. Oturacaqlar iki komanda tərəfdarları arasında paylaşılmayıb, onlar bir-birlərinin yanında oyunu izləyiblər.


Oyunun müxtəlif dəqiqələrində stadionda milli şüarlar səsləndirilib. 15-ci dəqiqədə səsləndirilən “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı stadionu lərzəyə gətirib.


Soydaşlarımız əllərində yazılı kağızlar tutaraq qadınların stadiona girişini qadağan edən qanunun ləğv edilməsini də tələb ediblər. Onlar “Stadiona gəlmək qadınların haqqıdır”, “Qadınlara azadlıq” və “Oğlanlar=Qızlar” sözləri ilə etirazlarını dilə gətiriblər.

 


İranda qadınlar, hətta azyaşlı qız uşaqlarının stadionlara girişi qadağandır. İnsan hüquqlarına zidd qanun hər zaman İran və Güney Azərbaycanda geniş etirazlara səbəb olub.


Bu arada Futbol Federasiyasının İnzibati Komitəsi super liqa yarışlarında iştirak edən bəzi klublar haqda hökm çıxarıb. Hökmə əsasən “Traxtur” tərəfdarları “Saypa”nın baş məşqçisi Əli Dayini təhqir etməkdə günahlandırılıb. Qeyd edək ki, Əli Dayi Azərbaycan və onun futboluna qarşı dəfələrlə qərəzli fikir və ittihamlar səsləndirib.


“İnzibati Xətalar Məcəlləsinin 86-cı maddəsinə uyğun olaraq “Traxtur” klubu 200 milyon rial məbləğində cərimə ödəməlidir. Buna səbəb “Saypa” ilə görüşdə klubun bəzi tərəfdarlarının rəqib komandanın baş məşqçisini (Əli Dayi) təhqir etməsi və “Saypa” komandasına tərəf daş atmalarıdır”- deyə inzibati komitənin hökmündə bildirilib.
“Traxtur”-“Saypa” oyunu avqustun 17-də Təbrizin səhənd stadionunda keçirilib.


Futbol Federasiyası vaxtaşırı “Traxtur” klubunu müxtəlif bəhanələrlə cəzalandırır. Məqsəd Azərbaycan komandasının inkişafına mane olmaq və onun çempion olmasının qarşısını almaqdır.

 

Təbriz derbisindən şəkillər:

 

 

 


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN