Təbriz Tibb Universitetinin rəisi: Əslində Şərqi Azərbaycanda 3 min nəfər koronavirusa yoluxub, lakin xəstəxanaya müraciət etməyiblər

Təbriz Tibb Universitetinin rəisi: Əslində Şərqi Azərbaycanda 3 min nəfər koronavirusa yoluxub, lakin xəstəxanaya müraciət etməyiblər

GünAz TV: Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycanda koronavirusun tüğyan etməsi ilə bağlı həyəcan təbili çalıb.

 

O bu barədə cümə günü jurnalistlərin qarşısında çıxış edib.

 

“Şərqi Azərbaycanda 3 min nəfər koronavirusa yoluxub, lakin onlar xəstəxanaya müraciət etməyib. Vəziyyət belə davam edərsə və əhali edilən tövsiyyələrə əməl etməzsə, Novruz bayramından 3 həftə sonra əyalət əhalisinin 9 faizi təhlükəli virusa yoluxacaq.

Artıq koronavirus əyalətin bütün şəhərlərində yayılıb. Virusa yoluxanların sayı 300 olduğu zaman, bu o deməkdir ki, əyalətdə 3 min insan bu xəstəliyə yoluxub, lakin tibbi mərkəzlərə müraciət etməyiblər. Onlar hal-hazırda virus daşıyıcısı sayılır.”- deyə o bildirib.

 

Məhəmməd Hüseyn Somi əlavə edib ki, xəstəxanalara müraciət edənlərin arasında virusa yoluxanların sayı gün keçdikcə daha çox artır.

“Çərşənbə axşamı günü müraciət edənlərdən 10 faizi, çərşənbə günü isə 30 faizinin virusa yoluxduğu məlum olub. Cümə axşamı günü isə bu rəqəm 50 faizdən ibarət olub.

Əyalətin tibbi imkanları məhduddur. Təsəvvür edin ki, 400 min nəfər bu virusa yoluxub. O zaman faciə olar. Ona görə ki, bizim tibbi imkanlarımız yalnız 4 min xəstəyə xidmət göstərməyə hesablanıb. Biz virusa yoluxma zəncirini qıra bilməsək, çarəsiz duruma düşəcəyik.”- deyə o vurğulayıb.

 

Universitet rəisi xəbərdarlıq edib ki, əyalətdə virusa yoluxanların sayı artarsa, o zaman tibbi xidmətin keyfiyyəti də aşağı düşəcək və xəstələrin 40 faizi həyatını itirəcək.

 

Məhəmməd Hüseyn Somi sözlərinin sonunda hər kəsi evdən çölə çıxmamağa və edilən tövsiyyələrə əməl etməyə çağırıb.

 

Xatırladaq ki, ötən günlərdə Güney Azərbaycan əyalətlərində çox sayda insan koronavirus şübhəsi ilə xəstəxanalara müraciət edib. Artıq əyalətlərdə virusa yoluxduğu təsdiq edilən xəstələrin sayı yüzlərlədir. Koronavirusdan ölənlərin sayı da gün keçdikcə artır. Qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN