Təbriz və Mərəndin millət vəkilləri “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək verməsini kəskin pisləyiblər

Təbriz və Mərəndin millət vəkilləri “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək verməsini kəskin pisləyiblər

GünAz TV: Bazar günü Tehranın Azadi stadionunda “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək nümayiş etdirməsi bəzi azərbaycanlı millət vəkilərini dilə gətirib.

 

Təbriz, Azərşəhr (Tufarqan) və Uskünün (Üşkaya) millət vəkili Zəhra Sai yerli “Məclis və Azərbaycan” agentliyinin müxbiri ilə danışığında stadionda qondarma “Artsax” yazılmış parçanın nümayiş etdirilməsini kəskin qınayıb.

 

“Belə işlər milli birliyə qarşı yönəlib. Bu bir fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir.

Gənclər və İdman nazirindən istəyəcəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə, məsələni parlamentdə qaldıracam”- deyə o bildirib.

 

Zəhra Sai “Perspolis”in şovinist fars tərəfdarlarının Azərbaycan türk millətinin ünvanına səsləndirdikləri şüar və söyüşlərə də münasibət bildirib.

“Mərkəzi şəhəri Təbriz olan Azərbaycan İranın həssas dönəmlərində xüsusi rol oynayıb. Bu, inqilab dönəmi və 8 illik müharibə zamanı da belə olub.  Azərbaycan idman sahəsində də böyük uğurlara imza atıb. “Traxtur” klubu həmin uğurların bir nümunəsidir. Rəhbərin dediyi kimi, “Azərbaycan İranın başıdır” və hər zaman İrana xidmət edib. Hətta iqtisadi və mədəni sahələrdə də öncül olub. Azərbaycan İranda şiəliyin də beşiyidir. Bütün hallarda ölkədə qövmləri aşağılamaq qəbuledilməzdir, bu böyük Azərbaycan millətinə də şamildir”- deyə o qeyd edib.

 

Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad isə qondarma “Artsax” sözünün yazıldığı bannerin nümayiş etdirilməsini irqçilikdən irəli gəldiyini deyib.

 

O bu barədə Twitter səhifəsində iki post paylaşaraq “Traxtur”-“Perspolis” görüşündə olub-bitənlərə münasibət bildirib.

“191 il əvvəl bizim əcdadlarımızın bütün canfəşanlığına baxmayaraq bəzi mərkəzdə oturanların xəyanəti nəticəsində İrəvan Türkmənçay müqaviləsi əsasında İrandan qoparıldı. Sonralar isə neftlə dolu olan Bəhreyn bir qüllə atılmadan İrandan qoparıldı. İndi o xainlərin nəvələri bu bayraqla əcdadlarının İrəvan və Bəhreynin İrandan qoparılması ilə bağlı xəyanətlərini tarixdən silməyə çalışırlar”- deyə millət vəkili Twitter səhifəsində qeyd edib.

 

Millət vəkili ikinci Twitter postunda da oxşar sözlərlə işğalçı Ermənistana dəstək verənləri qınayıb.

 

Noyabrın 25-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” komandaları qarşılaşdı. Görüş zamanı “Perspolis”in şovinist fars tərəfdarları qondarma “Artsax” yazılmış parça nümayiş etdirərək işğalçı Ermənistana dəstək verdiklərini bir daha brüzə verdilər. Onlar həmçinin Azərbaycan türk millətinin ünvanına müxtəlif şüar və söyüşlər səsləndirdilər. İrqçilərin bu hərəkəti güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılandı, etirazlar hələ də davam edir.

 

Bu zəmində aşağıdakı xəbərləri oxuya bilərsiniz:

“Perspolis” tərəfdarlarından işğalçı Ermənistan dövlətinə dəstək: Stadionda “Artsax” yazılmış parça nümayiş etdirildi – VİDEO

“Perspolis”in şovinist tərəfdarları türklərin ünvanına aşağılayıcı şüar səsləndirib – VİDEO

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN