Təbrizdə Ərk qalasının ərazisində tikiləcək parkingin inşaat işləri tendərə çıxarılıb

Təbrizdə Ərk qalasının ərazisində tikiləcək parkingin inşaat işləri tendərə çıxarılıb

GünAz TV: İranın hökumət orqanları Təbrizin tarixi Ərk qalasını sıradan çıxartmaq məqsədi ilə tarixi məkanın ətraf ərazisində parking tikmək qərarına gəlib, artıq parkingin tikinti işləri hökumətə yaxın şirkətlər arasında tendərə çıxarılıb.

 

2016-cı il noyabr ayında, mətbuatda Ərk qalasının ətrafında parking tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılmışdır. Yerli əhali Təbriz Müsəlla Fondunun israrı ilə tarixi qalanın məhv edilməsinə sərt qarşı çıxaraq bu barədə xəbərdarlıq etdilər. Etirazlar geniş vüsət aldıqdan sonra Ərk qalası ətrafında nəzərdə tutulan layihənin icrası dayandırıldı və bildirildi ki, arxeoloqlar qala ətrafında araşdırma aparıb nəticəni elan etdikdən sonra parkingin tikilib və ya tikilməyəcəyi ilə bağlı qərar veriləcək.

 

2017-ci ilin əvvəllərində araşdırmaçı qrupun məsulu Dr. Bəhram Acorlu bildirdi ki, Ərk qalası və tarixi Fətullayev İmarətinin ərazisində aparılan arxeoloji qazıntılar zamanı dəmir dövrünə aid qəbirlər, həmçinin səyyahlar və tarixçilərin işarə etdiyi Təbrizin qədim qülləsinin müəyyən hissələri aşkarlanıb. Bundan sonra Təbriz Müsəlla Fondu bir bəyanat yayaraq qədim bürclərin aşkarlanması ilə bağlı məlumatın yalan olduğunu iddia etdi.

 

Yerli mənbələrdən əldə edilən məlumata görə, Müsəlla Fondu ilə şəhərin Bələdiyyə İdarəsi Ərk qalasının bir neçə metrliyində parking projesini yenidən işə salmaq qərarına gəlib. Bu məqsədlə hökumətə yaxın şirkətlə arasında tender keçirilib, artıq qalib şirkət də məlum olub, yaxın zamanda layihənin icrasına başlanılacaq.

 

Bundan əvvəl Təbriz Şəhər Şurasının üzvlərindən biri məsələyə münasibət bildirərək tarixi abidələrlə bağlı Mədəni İrs Təşkilatının qanunlarına işarə etmişdir: “Mədəni İrs Təşkilatının qanunlarına görə, hər bir tarixi abidənin ətrafında sahəsi 150 kvadrat metr olan ərazi olmalıdır. Ona görə də, 15 metr radiusa qədər tarixi abidənin kənarından avtomobil keçə bilməz. Çox təəssüflər olsun ki, Ərk Qalası haqda bu qanuna riayət olunmur!”

 

Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib.  Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN