Təbrizdə Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Təbrizdə Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

GünAz TV: İran rejimi Təbrizdə Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirməyi planlaşdırır.

 

Bu barədə Şərqi Azərbaycan üzrə Müəllimlərin Bəsic (hökumət tərəfdarları yarımsilahlı dəstələrə deyilir) Təşkilatının rəisi Müslim Orəngi keçirdiyi mətbuat konfransında məlumat verib.

 

Onun sözlərinə görə, beynəlxalq tədbir, birinci gün qeyri-rəsmi olmaqla martın 11-i və 12-də məşhur müəllim salonunda keçiriləcək.

 

“Konfransda ədəbiyyat alimləri və bu sahədə fəal olan ustadlar iştirak edəcək. Şərqi Azərbaycan Təhsil Şöbəsinin rəisi beynəlxalq tədbirin keçirilməsi prosesinə nəzarət edir. O əyalət üzrə bütün universitetlərdə keçirilən tədbirlərə dəstək verib”- deyə konfransın katibi qeyd edib.

 

Dahi Azərbaycan şairinin müsəlman ölkələrinin müştərək mirası olduğunu deyən M.Orəngi beynəlxalq konfrans üçün 1117 məqalənin göndərildiyini bildirib. O Azərbaycan Respublikası, Türkiyə, Hindistan, Banqladeş, Pakistan və s. kimi ölkələrdən də mövzu ilə bağlı əsərlər göndərildiyini diqqətə çatdırıb.

 

Bəsic Təşkilatının rəisi Azərbaycan şairini İranda irqçiliyin təməlini qoyanlardan biri kimi tanınan, “Şahnamə”nin müəllifi Firdovsi ilə də müqayisə edib. O bildirib ki, tədbiri keçirməkdən məqsəd milli sərvəti qoruyub saxlamaqdır. Ona görə ki, Nizami, Firdovsidən sonra dünya üzrə ən tanınmış şairlərdən biridir.

 

M.Orəngi etdiyi müqayisə ilə həm Firdovsinin daha məşhur şair olduğunu, həm də hər iki şairin İrana məxsus olduğunu diqqətə çatdırmaq istəyib.

 

Nizami Gəncəvi kimi böyük şair və filosoflara möhtəşəm tədbirlərin həsr olunması olduqca dəyərli və təqdirəlayiqdir. Lakin İran rejiminin Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi və saxtalaşdırması cəhdləri çox pis nəticələr doğurduğu üçün belə tədbirlərə şübhə ilə yanaşmamaq mümkün deyil. Yuxarıda qeyd olunan beynəlxalq konfransın Bəsic nümayəndəsi  tərəfindən həyata keçirilməsi bir çox suala aydınlıq gətirir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN