Təbrizdən olan bir ailə: Farsdilli həkimin irqçi davranışı xəstəmizin ölümünə səbəb oldu

Təbrizdən olan bir ailə: Farsdilli həkimin irqçi davranışı xəstəmizin ölümünə səbəb oldu

GünAz TV: Təbrizdə farsdilli həkiminin irqçi davranışı xəstənin epilepsiya xəstəliyinə düçar olması və ölümənə səbəb olub.

 

“Öyrənci” saytının yaydığı məlumata görə, bu barədə təbrizli bir ailə irqçi həkimdən səlahiyyətli orqanlara yazdığı şikayət məktubunda bəhs edib.

 

Bildirilib ki, Təbrizin Qazi xəstəxanasında müalicə alan xəstə telefonda övladı ilə türk dilində danışdığı üçün isfahanlı həkimin qəzəbinə tuş gəlib. Həkimin irqçi və kobud davranışı nəticəsində xəstə epilepsiya xəstəliyinə düçar olub və həmin xəstəlikdən həyatını itirib.

 

Mərhum Rübabə Əbrişəminin həyat yoldaşı Əli Cahanpur Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzi və Təbriz Tibb Universitetinin Müalicə və Dərman Bölümünə məktub ünvanlayaraq irqçi həkimdən şikayət edib.

 

Həyat yoldaşının 2017-ci il avqustun 26-da Təbrizin Qazi xəstəxanasında beyin şişindən əməliyyat olunduğunu qeyd edən Əli Cahanpur isfahanlı həkimin xəstənin ölümünə səbəb olduğunu yazıb. O bildirib ki, 2017-ci il sentyabrın 5-də xaric ölkədə yaşayan övladları anaları ilə sübh saatlarında telefonda danışıblar. Doktor S (isfahanlı irqçi həkim) otağa daxil olunca, xəstənin türk dilində övladları ilə söhbət etdiyini görüb. Bu işdən qəzəblənən həkim qışqır-bağır salmağa başlayıb və əsəbi tonla bildirib ki, nə üçün övladınla farsca deyil, türk dilində danışırsan? Siz İranın milli birliyinə xəyanət edirsiniz! Və s.

 

Bütün bunlar baş verdiyi zaman Rübabə Əbrişəminin  həyat yoldaşı Əli Cahanpur da onun yanında olub. lakin o xəstənin yanında həkimin irqçi hərəkətinə heç bir reaksiya verə bilməyib. Ona görə ki, ondan əvvəl cərrah həkim epilepsiya xəstəliyi yaranmasın deyə xəstənin sakit olmasını və heç bir şəkildə əsəbləşməməsini tapşırıb.

 

Bu hadisədən sonra Əli Cahanpur xəstəxananın karidorunda həkimlə danışıb. Ona bildirib ki, “bu xanım məmləkətin nümunə müəllimələrindən biridir. Ölümlə həyat arasında olan insan öz övladı ilə hansı dildə danışmalıdır?! Biz milli birliyə xəyanət etmirik, lakin sizin milli vəhşətiniz var! Camiə əhalini aslanla uzunqulağa bölüb. Sən aslan olmağınla fəxr edirsən. Halbu ki, ikisi də heyvandır. Get heyvan sifət deyil, insan sifət ol.”

 

Əli Cahanpur şikayət məktubunun sonunda vurğulayıb ki, Rübabə Əbrişəmi 2019-cu il yanvarın 16-da vəfat edib. Həkimin davranışından dolayı epilepsiya xəstəliyinə düçar olan Rübabə Əbrişəmi ömrünün sonuna qədər sözügedən həkimin rəftarından narahat və şikayətçi olub. Mən onun vəsiyyətinə əməl edib bu irqçi və dəhşətli hərəkətlə bağlı lazmi yerlərə müraciət edib, hüququmuzu bərpa etməyə çalışacam. “Görəsən biz ona və onun mədəniyyətinə qarşı belə davransaydıq, bunun bədəli nə olardı?!”- deyə Əli Cahanpur məktubun sonunda qeyd edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN