Təbrizin mətbuat nümayəndələrindən “Azərbaycan Mətbuat Muzeyi”nin açılmamasına etiraz

Təbrizin mətbuat nümayəndələrindən “Azərbaycan Mətbuat Muzeyi”nin açılmamasına etiraz

GünAz TV: Təbrizin mətbuat nümayəndələri Jurnalistlər Gününü qeyd etməklə yanaşı məsulların “Azərbaycan Mətbuat Muzeyi”nin açılması ilə bağlı verdikləri vədin reallaşmamasına etiraz bildiriblər.


Onlar bu barədə imza toplayaraq muzeyin açılmasını tələb ediblər.


“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, “Azərbaycan Mətbuat Muzeyi”nin açılması sənədinə imza atıldığı gündən 10 ildən çox keçir. Təbrizin tarixi Həriri Evində müəyyən qədər təmir-bərpa işlərinin aparılmasına baxmayaraq Şərqi Azərbaycan Mədəni İrs Təşkilatı bu istiqamətdə heç bir addım atmır.


İki il əvvəl Jurnalistlər Günündə muzey işlərinin başlanmasının xatirə markası imzalandı. Mərasimdə keçmiş Şərqi Azərbaycan valisi Cabbarzadə muzeylə bağlı işlərin təkmilləşdirilməsini tələb etdi. Ondan bir il sonra keçmiş vali Xudabəxş də muzeyin yaxın aylarda açılacağını təkidlə elan etdi. Lakin bu günə qədər “Azərbaycan Mətbuat Muzeyi”nin açılmasına şahid olmadıq.


Bu il də Şərqi Azərbaycan valisi Purməhəmmədi sözügedən lövhəni imzalayaraq muzeyin yaxın zamanda açılacağını təkidlə vurğulayıb. Vali Mədəni İrs Təşkilatına verdiyi göstərişdə muzeyin 3 ay ərzində açılmasını tələb edib.

 

 

Azərbaycanlı kolleksionerlər və mətbuat nümayəndələrinin hər cür dəstək verməsinə rəğmən uzun illərdir “Azərbaycan Mətbuat Muzeyi”nin açılışı təxirə salınır. Bu, səlahiyyətli orqanlar və məsul şəxslərin məsuliyyətsizliyi və qərəzli mövqeyindən irəli gəlir.


Mətbuat nümayəndələrinin imzaladığı mətndə Təbrizin Məşrutə inqilabının əsas mərkəzi olduğuna və mətbuatın dərin ictimai dəyişikliklərdə qoyduğu təsirə işarə olunub. Mətni imzalayanlar vurğulayıb ki, Təbriz birincilər şəhəri kimi, tarixi varlığını nümayiş etdirmək və parlaq bir gələcək qurmaq üçün layiqli bir məkana malik olmalıdır, bu olduqca vacib məsələdir.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN