Təbrizin millət vəkili işsizlik problemini aradan qaldırmaq üçün çıxış yolu göstərib

Təbrizin millət vəkili işsizlik problemini aradan qaldırmaq üçün çıxış yolu göstərib

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili işsizlik probleminə qarşı atılan addımların yetərsiz olduğunu bildirərək problemi müəyyən səviyyədə aradan qaldırmaq üçün çıxış yolu göstərib.

 

Məsud Pezeşkiyan bu barədə çərşənbə günü Şərqi Azərbaycan Məşğulluq üzrə İşçi Qrupunun keçirdiyi iclasda çıxış edib.

 

“İşsizlik problemini aradan qaldırmaq üçün daha ciddi və fundamental addımlar atılmalıdır. Biz elə etməliyik ki, hamı iş fürsəti yaratmağa çalışsın və bu istiqamətdə məsuliyyət his etsin.

İşsizliyi aradan qaldırmaq uğrunda atılan addımların təsiri çox az olub. Hesab eliyirəm ki, iş fürsəti yaratmaq üçün yerli üsullar nəzərə alınmalı və əyalətlərin, eləcə də şəhərlərin potensial imkanlarından istifadə olunmalıdır.”- deyə o vurğulayıb.

 

Azərbaycanlı millət vəkilləri məşğulluğa kömək proqramları ilə bağlı verilən kreditlərə də toxunub. O bildirib ki, bu kreditlərə ciddi nəzarət olunmalıdır, kreditlər işsizlik problemini aradan qaldırmağa yönəlməlidir.

 

Məsud Pezeşkiyan məşulluq sahəsində tədbir almaq üçün əyalətlərin potensial imkanları haqda ciddi araşdırmaya ehtiyac olduğunu da diqqətə çatdırıb.

 

Tədbirdə iştirak edən Şərqi Azərbaycan İctimai Rifah, Əmək və Kooperasiya İdarəsinin rəisi isə Şərqi Azərbaycanda işsizlik səviyyəsinin ölkənin orta hesabından daha çox olduğunu deyib.

Əhəd Hüseyni təmsil etdiyi əyalətdə universitet məzunlarının 18.7 faiz işsiz olduğunu, bu rəqəmin ölkə üzrə 18.3 faiz olduğunu bildirib. O Şərqi Azərbaycanda işsizlik səviyyəsinin ümumilikdə 10.2 faiz olduğunu deyib.

 

Dövlətin ayrı-seçkilik siyasəti nəticəsində fars əyalətləri ilə müqayisə Azərbaycan əyalətlərinə daha az büdcə ayrılır. Dövlət Bu əyalətlərə sərmayə yatırmır. İş adamları isə iqtisadi tənəzzülü nəzərə alaraq bölgəyə sərmayə yatırmaqdan çəkinir. Həmçinin maliyyə sıxıntılarından dolayı fəaliyyətini dayandıran sənaye və istehsal müəssisələrinin sayı gün keçdikcə artır. Bütün bunlar bölgədə işsizlik və yoxsulluq kimi sosial problemlərə səbəb olub. Bütün etirazlara baxmayaraq İran dövləti bu istiqamətdə vəziyyəti yaxşılaşdırmaq üçün heç bir addım atmır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN