Təbrizin millət vəkili: “İstiqlal” və “Perspolis” klublarına ayrılan vəsait bir neçə əyalətin idman büdcəsindən dəfələrlə çoxdur

Təbrizin millət vəkili: “İstiqlal” və “Perspolis” klublarına  ayrılan vəsait bir neçə əyalətin idman büdcəsindən dəfələrlə çoxdur

GünAz TV: Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi Tehranın “İstiqlal” və “Perspolis” klublarına ayrılan külli miqdarda vəsaitə etiraz edərək bu məbləğin bir neçə əyalətin idman büdcəsindən qat-qat çox olduğunu bildirib.

 

Güney Azərbaycanın yerli mətbuatında yayılan məlumata görə, millət vəkili Təbrizin “Traxtur” futbol komandasının üzləşdiyi hadisələr və Gənclər və İdman nazirinin Azərbaycan komandasına olan laqeyd münasibətinə də toxunub.

 

““Traxtur”-“Sepid rud” görüşündə baş verən hadisə Azərbaycan əhalisinə çox pis təsir etdi. Əhali “Traxtur”un simasında bütün ölkədə öz gücünü göstərmək istəyirdi. Ötən mövsümlərdə də oxşar hadisələr baş verdi, lakin biz hamısını anlayışla qarşıladıq və “eybi yoxdur” dedik. Təəssüflə eyni hadisələr bu mövsümdə də təkrar olundu. Bizim sığınacağımız yer qanundur. Gənclər və İdman Nazirliyindən məsələyə ciddi müdaxilə edib araşdırma aparmasını gözləyirdik. Lakin aradan 3 həftə keçməsinə baxmayaraq hələ heçnə aydınlaşmayıb. “Traxtur”-“Peykan” görüşündə baş verənlər də adi hadisələr deyildi. Görün “Traxtur”u ürəklə sevən komanda tərəfdarlarını hansı vəziyyətə saldılar ki, məlum hadisələr baş verdi!

Biz futbolda şəffaflıq tələb edirik. Bu istiqamətdə  paytaxtın iki komandasının özəlləşdirilməsi vacib məsələdir. FİFA qanunlarına görə, bir hüquqi şəxs iki kluba sahib ola bilməz. Lakin hökumətin iki klubu var. Nə üçün 80 milyon əhalinin pulu bu klublara xərclənməlidir?! Muğan Aqrosənaye Kompleksi, Təbrizin “Maşınqayırma” Zavodu və s. kimi sənaye və istehsal müəssisələri çox qapalı şəkildə özəlləşdirildi. Lakin müştərisi olan sözügedən iki klub heç bir şəkildə kiməsə ötürülmür. Bəlkə də orada bəzi işlər görülür...”- deyə azərbaycanlı millət vəkili vurğulayıb.

 

Əhməd Əlirzabeygi sözlərinin davamında deyib: “İstiqlal” və “Perspolis” klubunda boş yerlərə xərclənən beytül-malın məbləği bir neçə əyalətin idman büdcəsindən qat-qat çoxdur. Nə üçün İran əhalisi bu iki klubun xərcini ödəməlidir?! Biz öz komandamızı (“Traxtur”) xüsusi problem olmadan idarə edirik və hesab edirik ki, ölkə futbolu bu ikili standartdan qurtulmalıdır.”

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN