Təbrizin millət vəkili: Muğan Aqrosənaye Kompleksini alan şirkət müflisdir

Təbrizin millət vəkili: Muğan Aqrosənaye Kompleksini alan şirkət müflisdir

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini həddindən artıq ucuz qiymətə alan şirkətin müflis olduğunu bildirib.

 

“Nasr news”un yaydığı məlumata görə, millət vəkili Vergilər İşləri üzrə Təşkilatda ölkənin geniş vergi planının nailiyyətləri sərgisində iştirakını xatırladaraq İranda fiziki şəxslər və orqanların fəaliyyəti və maliyyə hesabları ilə bağlı şəffaflığın təmin olunması və bununla bağlı sistem yaradılmasını istəyib.

 

O bildirib ki, kimin vergi ödəməyə qadir olub-olmadığı bəlli olmalı, hökumət vergi ödəmək iqtidarında olmayanlara xüsusi yardım göstərməlidir.

 

Məsud Pezeşkian sözlərinin davamında Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini alan şirkətin müflis olduğunu deyərək kompleksin gizli şəraitdə özəlləşdirilməsinə etiraz edib.

“Muğan Aqrosənaye Kompleksini alan şirkət bir müddət əvvəl müflis olduğuunu elan edib və vergisini ödəyə bilmir. Bu şirkət kompleksin ərazisini dəyərsiz torpaq qiymətinə alıb. Bu qədər imkana malik olan böyük bir komleksi belə bir şirkətə necə satmaq olar?!”- deyə o bildirib.

 

Millət vəkili vurğulayıb ki, İqtisadiyyat Nazirliyinə bağlı olan Vergi İşləri üzrə Təşkilatla Özəlləşdirmə Təşkilatının koordinasiya şəklində fəaliyyət göstərməməsi bu kimi problemlərə səbəb olur. Əslində yalnız bu məsələ deyil,  sistemlərin arasında əlaqələrin zəif olması ölkədə bir çox problemlemlərə yol açır.

 

Qeyd edək ki, kompleksi dəyərindən qat-qat ucuz qiymətə özəlləşdirən şirkətin adı bir müddət gizli saxlanıldı, lakin sentyabrın sonlarında  Özəlləşdirmə Təşkilatının rəisi Mirəli Əşrəf Abdullapuri şirkətin adını mətbuata açıqladı.

““Rifah” mağazalar şəbəkəsi Muğan Aqrosənaye Şirkətini alıb. Mağazalar şəbəkəsi, Tehran Sərmayə Bazarının İnkişafı şirkətinin vasitəsi ilə Dezful Şəkər İstehsalat şirkəti ilə Konsorsium yaradıb və aqrosənaye kompleksini 50-50-yə özəlləşdiriblər”- deyə o bildirib.

 

Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur. Kompleksin dəyərindən qat-qat ucuz qiymətə hökumətə yaxın şəxslərə satılması bölgə əhalisin kəskin etirazı ilə qarşılanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN