Təbrizin millət vəkili: “Urmu gölü Tehranda olsaydı, milli məsələyə çevriləcəkdi”

Təbrizin millət vəkili: “Urmu gölü Tehranda olsaydı, milli məsələyə çevriləcəkdi”

GünAz TV: Təbriz,  Azərşəhr (Tufarqan) və Üskünün (Üçkaya” İran parlamentindəki millət vəkili Zəhra Sai avqustun 20-də parlamentdə çıxış edərkən dövlət rəsmilərinin Urmu gölü böhranına laqeyd münasibətlərini tənqid edib.

 

Məclisin xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, millət vəkili ölkə rəsmilərindən Urmu gölü böhranına bir milli məsələ kimi baxmalarını tələb edib.

 

“Urmu gölünü canlandırmaq üçün çoxlu layihələr barədə qərar qəbul olundu. Onlardan bəziləri icra olunmadı, bəziləri isə icra işlərinin birinci mərhələsində tətil edildi. Hazırda icra olunmaqda olan təxminən bütün layihələrdə büdcə vəsaiti  çatışmır. Yenə də kimsə bu problemlərlə bağlı cavabdehlik daşımır, göldə yaşanan böhranın ağır nəticələri kimsəni maraqlandırmır”- deyə o bildirib.

 

Zəhra Sai sözlərini “Xürrəmşəhrdəki su problemi Tehranda yaşansaydı, və ya Urmu gölü Tehrana yaxın bir yerdə yerləşsəydi, yaranan problem milli məsələyə çevrilməzdimi?!” sualı ilə davam etdirib.

 

“Urmu gölü silsilə ictimai problemlərə də səbəb olur. Gölün quruması və ekosistemin dəyişməsi bölgədə toz və duz zərrəciklərinin yayılmasına səbəb olur. Bunun nəticəsində kiçik şəhərlər və kəndlərdə köçlər başlayır. Gözlənilməz köç dalğaları Təbriz və Urmiyə şəhərlərində narkomaniya, yoxsulluq, əxlaqsızlıq, şəhər həndəvərində qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşma və s. kimi problemlərlə nəticələnir”- deyə azərbaycanlı millət vəkili əlavə edib.

 

Güney Azərbaycanın Urmu gölündə uzun illərdir ki, böhran yaşanır. Hazırda gölün 95 faizi quruyub, İran rejimi bu günə qədər gölün qurtarılması istiqamətində hərhansı əməli addım atmayıb, göldə böhran davam edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN