Təbrizin millət vəlkili: Dövlətin iş fürsəti yaratmaq imkanı yoxdur

Təbrizin millət vəlkili: Dövlətin iş fürsəti yaratmaq imkanı yoxdur

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar təmsil etdiyi şəhərin həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntələrində hökm sürən işsizlik problemindən şikayətlənib.

 

O bu barədə çərşənbə günü Təbrizdə İdarələr Şurasının keçirdiyi iclasda çıxış edib.

 

“Bizim səlahiyyətli vəzifəli şəxslərimiz ayda bir dəfə şəhər həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələrinə baş çəkərək əhalinin vəziyyəti ilə maraqlanmalıdır. Bu məntəqələrdə məskunlaşan əhali sözün əsl mənasında ağır vəziyyətdə yaşayır. Yalnız xüsusi günlərdə deyil, hər zaman sözügedən məntəqələrə baxış keçirilməli və əhalinin problemlərinin aradan qaldırılması üçün lazımi işlər görülməlidir.

Bilmək lazımdır ki, mənim sözlərim seçkiqabağı təbliğata yönəlməyib, mən ümumiyyətlə parlament seçkilərində öz namizədliyimi irəli sürməyəcəm.

Mən seçkilərdə səs qazandıqdan bir gün sonra “Molla Zeynal” məhəlləsinə baş çəkdim. Bir neçə gün sonra isə yol və şəhərsalma nazirinin müavinini şəhər həndəvərində bir evə apardım. O əhalinin ağır vəziyyətini görüncə dəhşətə gəldi. Nazir müavini Tehrana qayıtdıqdan sonra həmin məntəqədə həyata keçirilməli olan layihə üçün büdcə vəsaiti ayırdı. Lakin Əyalətin Yol və Şəhərsalma İdarəsi bu istiqamətdə müəyyən problemlər yaradıb. Hesab eliyirəm ki, bu məsələ də öz həllini tapmalıdır.”- deyə o bildirib.

 

Ş.Bimiqdar sözlərinin davamında vurğulayıb ki, dövlətin iş fürsəti yaratmaq imkanı yoxdur. Ona görə də biz pərakəndə şəkildə deyil, birlikdə əl-ələ verib kooperativ şirkətlər təsis edərək yeni iş imkanları yaratmağa çalışmalıyıq. Təbriz vaxtı ilə İranın ticarət mərkəzi olub, biz şəhərimizi yenidən haqq etdiyi yerə qaytarmalıyıq.

 

Qeyd edək ki, Güney Azərbaycanın böyük şəhərləri, o cümlədən Təbrizin həndəvərində məskunlaşan əhalinin bir çox sıxıntısı var. İşsizlik, yoxsulluq, ictimai və mədəni problemlər, uşaqlar üçün əyləncə mərkəzlərinin olmaması, səhiyyə və təhsil imkanlarının məhdud olması, içməli su qıtlığı, əhali sıxlığı, müxtəlif cinayət faktları və s. kimi problemlər qeyri-rəsmi yaşayış məntəqələrində hökm sürməkdədir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN