Tikantəpədə turizm məkanlarının türkcə adları təhrif edilib

Tikantəpədə turizm məkanlarının türkcə adları təhrif edilib

GünAz TV: İran rejimi Azərbaycan türklərini hədəfə alan asimilsyon siyasətini müxtəlif formalarda davam etdirməkdədir.

 

Coğrafi adların dəyişdirilməsi istiqamətində bu dəfə Qərbi Azərbaycan Əyalətində yerləşən Tikantəpə şəhərinin turizm məkanlarının adı fars sözləri ilə dəyişdirilib.

 

Məlumata görə, “Əhməd abad” kəndinin “İstiqsu” bulağı “Abgərm Əhməd abad”, “Hərəkətli çəmli göl” isə “Çəmən motəhərrek çəmli” adlandırılıb.

 

Tikantəpə Mədəni İrs Təşkilatı artıq turizm bölgəsində təhrif edilmiş adlarla yeni lövhələr quraşdırıb.

 

“İstiqsu” bulağı “Əhməd abad” kəndində “Təxt-i Süleyman” (Sorğulu) kompleksinin yaxınlığında yerləşir, “Çəmli göl” isə kiçik bir gölməçənin ortasında görünən adadır. Bu ada külək vurduqca  müxtəlif istiqamətlərə yavaşca hərəkət edir, bu, təbiətin ən nadir hadisələrindən biri sayılır.

 

Hərəkətli "Çəmli göl"

 

Yerli əhali coğrafi və məntəqə adlarının başqa dilə tərcümə edilməsini təhrif və yanlış əməl adlandıraraq quraşdırılan lövhənin qaldırılması və türkcə olan adın yenidən bərpa edilməsini tələb edir.

 

Son vaxtlar Mədəni İrs Təşkilatı Azərbaycan şəhər və kəndlərində bir çox coğrafi adları dəyişib. İki həftə əvvəl Muğanın Parsabad şəhərində türk dilində “Qırx pillə” şəlaləsi adlanan yerin adı fars dilinə tərcümə edilərək “Çehel pelle” sözü ilə dəyişdirilmişdir. Lakin ictimaiyyətin hiddət və geniş etirazı nəticəsində aprelin 10-da Dostkəndi kəndinin Şurası quraşdırılan lövhədə düzəliş edərək “Qırx pillə” adını yenidən bərpa etməyə məcbur olub.

 

Ötən ay oxşar hadisə Ərdəbil şəhərində baş vermişdir. Şəhərin Bələdiyyə İdarəsi “Rasta unçu meydanı”nın adını təhrif edərək onu fars dilinə tərcümə etmişdir.

 

Türkcə olan yer adlarının fars sözləri ilə dəyişdirilməsi şübhəsiz ki, İran rejiminin Azərbaycan türklərinə qarşı tətbiq etdiyi asimilasyon siyasəti ilə bağlıdır. Coğrafi məkanların adının dəyişdirilməsi faktına Güney Azərbaycanın bütün bölgələrində rast gəlinir. Bu proses soydaşlarımızın kəskin etirazı ilə qarşılansa da, rejim tərəfindən davam etdirilir.

 

Bundan əvvəl Ərdəbil Şəhər Şurasının üzvü Cavad Ənsari, Zəncan Şəhər Şurasının üzvü Həmidrza Həmidi və Təbriz 8 saylı Məntəqə Bələdiyyə İdarəsinin icraçı direktoru Rza Paknəhad kimi bəzi yerli məsullar Azərbaycan şəhərlərində türkcə olan yer adlarının dəyişdirilməsinə etiraz bildirib, bunun şəhərlərin kimliyinə xələl gətirdiyi barədə xəbərdarlıq ediblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN