“Traxtur”a qarşı ayrı-seçkilik iki azərbaycanlı millət vəkilini dilə gətirdi

“Traxtur”a qarşı ayrı-seçkilik iki azərbaycanlı millət vəkilini dilə gətirdi

GünAz TV: Urmiyə və Xoy şəhərlərinin İran parlamentindəki millət vəkilləri Nadir Qazipur və Tağı Kəbiri Parlamentin Rəyasət Heyətinin Tehran və Təbriz komandaları arasında ayrı-seçkiliyə yol verməsini sərt tənqid ediblər.

 

Məlumata görə, Parlamentin Rəyasət Heyəti səssiz şəkildə ““İstiqlal” və “Piruzi” klublarının araşdırılma və yoxlanılması” planını, “Bütün klubların araşdırılma və yoxlanılması” planı ilə dəyişdirib. Rəyasət heyəti bununla Tehran komandalarının yoxlanılmasının qarşısını almaq istəyib, bununla yanaşı “İstiqlal” və “Piruzi”yə edilən böyük məbləğdə maddi yardım məsələsi də gözardı edilir.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, N.Qazipur parlamentin daxili işlərinə dair qanunun 24-cü maddəsinin 5-ci bəndinə istinadən bu barədə xəbərdarlıq edib. “Araşdırma və yoxlanılma planını biz də imzaladıq. Lakin onun mətni təmami ilə dəyişdirilib. Yoxlanılma yalnız “İstiqlal” və “Piruzi” klubları ilə bağlı idi. İndi isə bütün klubların yoxlanılmasından söhbət gedir. Rəyasət heyəti bizə xəbər vermədən mətni dəyişdirib”- deyə o bildirib.

 

Millət vəkili əlavə edib ki, “biz iki komanda və Futbol Federasiyasının maliyyə məsələləri ilə bağlı fəaliyyətinin yoxlanılması istiqamətində bir addım atdıq. Ötən illərdə bu iki kluba böyük məbləğdə vəsait verilib, lakin “Traxtur” klubuna bir rial belə yardım edilməyib. Mən təkidlə bildirirəm ki, sözügedən planda “İstiqlal” və “Piruzi” klublarının adı qeyd olunmalıdır.”

 

Xoy şəhərinin millət vəkili Tağı Kərimi də hamının bərabərhüquqlu olması və ayrı-seçkiliyin qebuledilməzliyi ilə bağlı ölkə konstitusiyasının 3-cü maddəsinin 9-cü bəndinə istinadən rəyasət heyətinin qanunsuz qərarı barədə xəbərdarlıq edib. “Bu yoxlama “İstiqlal” və “Piruzi” komandalarına yönəlmişdir. Bizim “Traxtur” kimi elə klublarımız var ki, minimum imkanla fəaliyyət göstərirlər. İndi isə yoxlama məsələsində “İstiqlal”la “Piruzi”nin adı çəkilmir. Bu qəbuledilməzdir”- deyə o qeyd edib.

 

İran parlamentinin sədri Əli Laricani araşdırma və yoxlamanın “İstiqlal” və “Piruzi”yə də aid olduğunu deyərək bildirilən etirazlarla razılaşmayıb.

 

Bundan əvvəl İran dövləti “İstiqlal” və “Piruzi”nin 80 milyard riallıq borcunu ödəyib. Həmçinin ötən mövsümdə “Piruzi” komandasının hiylə ilə çempion olduğu üzə çıxdı. Lakin klubla bağlı gizli məsələlər araşdırılmadı, super liqanın nəticələrində də heç bir dəyişiklik edilmədi. Tehran komandaları həmçinin kütləvi informasiya vasitələri, o cümlədən radio və televiziyalar tərəfindən də dəstəklənir. Azərbaycanın “Traxtur” komandası isə qeyd etdiyimiz bütün dəstəklərdən məhrumdur, bu vəziyyət uzun illərdir davam edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN