“Traxtur” klubu zəlzələdən zərərçəkənlərə yardım etməyə hazır olduğunu elan edib

“Traxtur” klubu zəlzələdən zərərçəkənlərə yardım etməyə hazır olduğunu elan edib

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu Şərqi Azərbaycanın Tərk şəhəri ətrafında baş verən zəlzələdə zərərçəkənlərə yardım etməyə hazır olduğunu elan edib.


Klubun mətbuat mərkəzi tərəfindən yayılan məlumata görə, bu barədə klubun icraçı direktoru Qulamrza Sadiqiyan məlumat verib.

 

 

Qulamrza Sadiqiyan


“Yerlilərimizin təbii fəlakət nəticəsində həyatını itirməsi bizi çox kədərləndirib. Şübhəsiz ki, “Traxtur” klubunun böyük ailəsi zəlzələdən zərərçəkənlərin yanında olacaq, onlara lazımi dəstəyi göstərəcək.
“Traxtur” klubu idmanla yanaşı ictimai məsuliyyətini də başa düşür. Bu hadisədə həyatını itirənlərin ailəsinə səbir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzu edirik.”- deyə o bildirib.


Q.Sadiqiyan bildirib ki, klubun təbii fəlakətdən zərərçəkənlərə hansı şəkildə yardım edəcəyi Şərqi Azərbaycan Təbii Fəlakətlər İdarəsinin açıqlamasından sonra məlum olacaq. Bu barədə “Traxtur” tərəfdarlarına məlumat veriləcək.


Bu gün Təbriz vaxtı ilə saat 2:17-də Şərqi Azərbaycanın Tərk şəhəri ətrafında 5.9 bal gücündə zəlzələ baş verib. Son məlumata görə, təbii fəlakət nəticəsində 6 nəfər həyatını itirib, 300-dən çox soydaşımız xəsarət alıb. Xəsarət alanların əksəriyyəti ilkin tibbi yardımdan sonra evə buraxılıb, onlardan 22-nin müalicəsi xəstəxanada davam edir.
Zəlzələdə ən çox ziyan görən kənd vərənkeş kəndidir.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN