“Traxtur”la “Peykan” oyunu zamanı qarşıdurma yaşanıb, xəsarət alanlar var

“Traxtur”la “Peykan” oyunu zamanı qarşıdurma yaşanıb, xəsarət alanlar var

GünAz TV: Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə “Peykan” arasında keçirilən görüş artıq qonaq komandanın xeyirinə başa çatıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 26-cı həftəsində keçirilən görüş yerli vaxtla saat 17:00-da start götürüb. Super liqanın yekunlaşması və çempionun müəyyən edilməsinə bir neçə həftə qalmış “Traxtur” komandasında hər kəsi təəccübləndirən hadisələr baş verir. Bu oyun da gözlənilmədən 0:1 hesabı ilə rəqib komandanın xeyirinə sona çatıb. Bununla da “Traxtur” turnir cədvəlinin 4-ci pilləsinə düşərək cədvələ liderlik edən “Perspolis”lə arasındakı fərqi 6 xala qaldırmış olub.

 

Oyunun 30-cu dəqiqəsində hakim Moud Bonyadifər “Traxtur”un lehinə penaltı qərarı verib, lakin bu qərara köməkçi hakim etiraz edib. Bundan sonra hakim fikirini dəyişib və verdiyi qərarı ləğv edib. Bu məsələ “Traxtur” tərəfdarları, baş məşqçi Corc Likenz və digər klub məsullarının kəskin etirazına səbəb olub.

 

İsa Al-i Kəsir “Peykan” tərəfindən oyunun 51-ci dəqiqəsində qol vurduqdan sonra, ötən həftə “Sepid rud”la oyunda olduğu kimi, gizli ssenaridən şübhələnən “Traxtur” tərəfdarları bəzi oyunçulara etiraz bildiriblər. Qol vurulduqdan sonra həyəcan keçirən “Traxtur” tərəfdarlarından birinin halı pisləşib. Ona stadiondakı təcili tibbi yardım qrupu ilkin yardım göstərdikdən sonra özünə gəlib və bir daha komanda tərəfdarlarına qoşulub.

 

“Traxtur” tərəfdarları dəfələrlə yanlış qərar verən hakim və bəzi oyunçulara qarşı etiraz şüarı səsləndirib. Şüarlar oyun bitdikdən sonra da davam edib, bir çox komanda tərəfdarı meydançaya daxil olub. Təhlükəsizlik qüvvələri tərəfdarlara hücum etdikdən sonra arada qarşıdurma yaşanıb, nəticədə bir neçə “Traxtur” tərəfdarı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bir çox tərəfdar isə “Biz qeyrətsiz oyunçu istəmirik, istəmirik” şüarı səsləndiriblər. Qarıdurma zamanı bir neçə nəfərin saxlandığı bildirilir, lakin onların kimliyi barədə hələlik heç bir məlumat yoxdur.

 

Təbriz klubunun sahibi Məhəmmədrza Zenuzi isə Futbol Federasiyasının nəzarətçisinə bir neçə dəfə etiraz edib. Ötən həftə “Sepid rud”la görüşdə baş verən hadisələri də xatırladan M.Zenuzi vurğulayıb ki, bütün xoşagəlməz hadisələrin səbəbkarı Futbol Federasiyasıdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN