“Türk dilinin tədris olunması konstitusiyaya uyğundur, buna qarşı çıxanlar “inqilaba ziddir””- Azərbaycanlı millət vəkili

“Türk dilinin tədris olunması konstitusiyaya uyğundur, buna qarşı çıxanlar “inqilaba ziddir””- Azərbaycanlı millət vəkili

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri məktəblərdə türk dilinin tədris olunmasına qarşı çıxanları İran “inqilabına zidd” adlandırıb.

 

Millət vəkilinin Teleqram kanalında onun ana dilinin tədrisi ilə bağlı sözlərini əks etdirən poster dərc olunub.

 

“Türk dilinin məktəblərdə tədris olunması konstitusiyanın 15-ci maddəsində qeyd olunub, biz isə qanunun kənarında heç nə istəmirik. Yerli dillərin məktəblərdə tədris olunması sərbəstdir və mütləq tədris olunmalıdır. Buna qarşı çıxanlar əslində konstitusiyaya qarşı çıxır. Biz elə buna görə inqilab edib və şəhid vermişik. Konstitusiya inqilabın nizamnaməsidir, buna qarşı çıxan hər kəs inqilaba qarşıdır və “inqilaba zidd” şəxslərlə heç bir fərqi yoxdur”- deyə qeyd olunub.

 

Hadi Bahadurinin türk dilinin tədrisinə qarşı çıxanları “inqilaba zidd” adlandırması azərbaycanlı sosial şəbəkə istifadəçilərinin xüsusi diqqətini çəkib. Lakin soydaşlarımızın fikrinə görə, millət vəkilləri konstitusiyanın 15-ci maddəsinin icra olunması məsələsini internetdə deyil, parlamentdə gündəmə gətirməlidilər.

 

Hadi Bahadurinin Azərbaycan türk millətini İran islam Cümhuriyyətinin müdafiəçisi kimi təqdim etməsi isə azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb. Azərbaycanlıların inqilaba qarşı mövqeyi, uzun illərdir ki, səsləndirilən şüarlarda özünü göstərir. Misal üçün rejimin əlaltılarının səsləndirdiyi “Azərbaycan oyaqdı, inqilaba dayaqdı” şüarı soydaşlarımız tərəfindən “Azərbaycan oyaqdı, “Traxtur”a (Təbrizin futbol komandasıdır) dayaqdı” kimi səsləndirilir.

 

Hadi Bahaduri bu sözləri son günlərdə “Təbriz mən” yerli xəbər agentliyinin müxbirinə danışıb və sonra Teleqram kanalında dərc olunub.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN