Türk kitabları çap edən nəşriyyatın müdirinə təzyiq edilir – Tehranda

Türk kitabları çap edən nəşriyyatın müdirinə təzyiq edilir  – Tehranda

GünAz TV: Tehranda fəaliyət göstərən “Əndişey-i Nov” Nəşriyyatının müdiri Yusif Fərzanənin təhlükəsizlik qüvvələrinin təhdid və təzyiqləri ilə üzləşdiyi bildirilir.

 

Y.Fərzanə zəmanət qarşılığında Evin zindanından sərbəst buraxılsa da, ona psixoloji təzyiqlər davam edir.  Məlumata görə, təhlükəsizlik qüvvələri nəşriyyat müdirinə tez-tez zəng edir və ya görüşərək onu təhdid edirlər.

 

Onun bundan əvvəl təhlükəsizlik qüvvələri tərəfindən götürülən kitabları isə hələ də ona qaytarılmayıb. Çox sayda türkcə kitab, o cümlədən doktor Cavad Heyət, professor Məhəmməd Tağı Zehtabi və Həsən Raşidinin müəllifi olduğu kitablar qanunsuz olaraq Y.Fərzanənin mağazası, anbarı və evində götürülərək zəbt edilib. Maraqlıdır ki, həmin kitablar İrşad və Mədəniyyət İdarəsinin icazəsi ilə nəşr olunub.

 

Təhlükəsizlik qüvvələri tərəfindən götürülən kitabların sayı 800-1000 arasındadır.

 

Evin zindanının müstəntiqləri nəşriyyatın müdirinə tapşırıb ki, “türk dilində olan çox sayda kitab, əlyazmalar, sənəd və kompüter hard disklərinin götürülməsi və müsadirə edilməsi haqda heç yerdə danışmasın. Əks halda ona qarşı tədbir görüləcək.”

 

Tehran Universitetinin üzbəüzündə Fruzəndə Ticarət Mərkəzində yerləşən “Əndişey-i Nov” Nəşriyyatı, Tehranda türk kitablarının satıldığı yeganə yerdir. Nəşriyyata İslami İrşad və Mədəniyyət Nazirliyindən lisenziya verilib, o qanuni şəkildə fəaliyyət göstərir.

 

“Əndişey-i Nov” Nəşriyyatının müdiri Y.Fərzanənin 80-dan çox yaşı var, o 40 ildir nəşriyyat işi ilə məşğuldur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN