Türkcə məkan adlarının Ərdəbil Şəhərinə qaytarılması tələb olunur

Türkcə məkan adlarının Ərdəbil Şəhərinə qaytarılması tələb olunur

GünAz TV: Ərdəbil Şəhər Şurasının üzvü Cavad Ənsari türkcə məkan adlarının şəhərə qaytarılmasını istəyib.

 

O bu barədə Şəhər Şurasının iclasında çıxış edərkən danışıb.

 

“Ərdəbil kimliyinin qorunması naminə bu tarixi  şəhərin müxtəlif məntəqələrində qədim və əsil adlardan istifadə olunmalıdır. Misal üçün “Qara dinək”, Zəncirli, Qara Küllük, Ağanağı Xərməni, “Unçu Meydanı” və s. kimi məkan adları başqa adlarla dəyişdirilsə də, əhali arasında hələ də istifadə olunur. Fikrimcə bu adların qorunub saxlanılmasının heç bir iradı yoxdur. Mən şura üzvü olduğum müddətdə qədim adların məhəllə və digər məkanlara qaytarılmasına çalışacam”- deyə o bildirib.

 

Cavad Ənsari

 

Ərdəbildə məkan adlarının təhrif və dəyişdirilməsini məsulların laqeyd münasibəti və bəzi yerli insanların məsuliyyətsizliyi ilə əlaqələndirən C.Ənsari əlavə edib ki, “bizim qonşu əyalətdə, ərdəbillilər kimi türk olan Təbriz əhalisi ciddi tələb irəli sürdüyünə görə bir neçə ildir ki, şəhərdəki adların qorunub saxlanılması və dəyişdirilən adların qaytarılması istiqamətində məullar tərəfindən müəyyən addımlar atılır. Ərdəbildə isə küçə adlarına belə rəhm edilməyib və dəyişdirilib. Biz bu işlərimizlə əslində öz əlimizlə şəhərimizin kimliyini məhv edirik”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, aprel ayında Təbriz 8-ci Məntəqə Bələdiyyə İdarəsinin icraçı direktoru mühəndis Rza Paknəhad Təbriz bazarında dəyişdirilən məkan adlarının yenidən tarixi adlarla əvəzləndiyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra isə Zəncan Şəhər Şurasının üzvü Həmidrza Həmidi Şuranın keçirdiyi iclasda Zəncan kimliyinin unutdurulmasına etiraz bildirərək şəhərdə türkcə adların yenidən bərpa edilməsini tələb etmişdir.

 

Bir neçə il əvvəl isə Urmiyənin Bələdiyyə İdarəsi oxşar qərar verərək Urmiyə şəhərində dəyişdirilmiş bəzi məkan adlarını əsl türk adları ilə əvəzləmişdir.

 

Pəhləvi və İslam cümhuriyyəti dövründə türklərin tarix və kimliyini inkar etmək məqsədi ilə minlərlə məkanın adı türkcədən fars dilinə çevrilib və ya yeni fars adları ilə əvəzlənib. Güney Azərbaycan Əyalətlərində belə adların sayı minlərlədir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN