Türkmənçayda zəlzələdən zərərçəkənlər etiraz yığıncağı keçirib

Türkmənçayda zəlzələdən zərərçəkənlər etiraz yığıncağı keçirib

GünAz TV: Şərqi Azərbaycanda baş verən dağıdıcı zəlzələnin ağır nəticələri bölgə əhalisi üçün böyük problemə çevrilib, dövlətin təbii fəlakət bölgəsinə vaxtı-vaxtında və yetəri qədər yardım etməməsi əhalinin kəskin etirazına səbəb olub.

 

Məlumata görə, Türkmənçay bölgəsində zəlzələdən zərərçəkənlər bazar günü günortadan sonra və axşam saatlarında Bəxşdari İdarəsinin (Şəhər İcra Hakimiyyətinə bağlı olan orqandır) önünə toplaşaraq Allahın ümidinə buraxıldıqlarını bildiriblər. Onlar gecələmək üçün çadır və qızınmaq vasitələrinin olmamasından şikayətlənib. Məlumata görə, zəlzələ bölgəsində soyuq hava şəraiti hökm sürür.

 

Qeyri-rəsmi mənbələr zəlzələ nəticəsində Miyana, Sarab, Türkmənçay və digər ətraf kəndlərdə ən azı 40 nəfərin öldüyünü və yüzlərlə insanın xəsarət aldığını bildirir.

 

“Məsullar bahalı maşınlarla gəlir, lakin heç bir iş görmürlər. Hələ də bölgəyə yetəri qədər yardım çatmayıb. Edilən yardımlar da vaxtı-vaxtında olmayıb. Əgər bölgədə xəstəxana və tibbi mərkəzlər olsaydı, kimsə həlak olmazdı. Zəlzələdən zərərçəkənlər arasında çox sayda xəstələr var. Onlar müalicə olunmalıdır, lakin məsullar  bunun üçün heçnə etmir. 12 yaşlı qız tibbi mərkəz olmadığından xəstəxanaya aparıldığı zaman həyatını itirib.

Evlərimiz zəlzələyə davamlı deyil. Təbii fəlakət ən çox palçıqdan olan evləri dağıdıb. İmkanımız olmadığı üçün evlərimiz zəlzələyə qarşı davamsızdır.”- deyə təbii fəlakətdən zərərçəkənlər bildirib.

 

Məlumata görə, zəlzələ nəticəsində tələf olan mal-qara hələ də dağıntılar altından çıxarılmayıb, bölgədə təhlükəli xəstəliklərin yayılma ehtimalı var.

 

Bu arada Miyananın İran parlamentindəki millət vəkili Fərdin Fərmənd hökuməti zəlzələ bölgəsi ilə bağlı tədbir almağa çağırıb. “Miyananın Qızıl Aypara Cəmiyyətinə dəfələrlə müraciət etdim. Belə başa düşdüm ki, Qızıl Aypara Cəmiyyətinin anbarı boşdor, onun bu hadisəyə heç bir hazırlığı yoxdur. Bu istiqamətdə tədbirlər alınmalıdır. Ümid edirəm ki, selfi çəkən məsullar verdikləri vədləri yerinə yetirəcək.”- deyə o vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN