Urmiyə Şəhər Şurasının rəisi: Urmiyədə tədbirlərin türk dilində keçirməsi adi haldır

Urmiyə Şəhər Şurasının rəisi: Urmiyədə tədbirlərin türk dilində keçirməsi adi haldır

GünAz TV: Urmiyə Şəhər Şurasının rəisi Jurnalistlər Günündə keçirilən tədbirdə yaranan qalmaqala münasibət bildirərək kürdçü cərəyanların Məhəmməd Xalid Hatəmidən qəhrəman yaratmaq istədiklərini bildirib.

 

Məhəmmədrza Əlizadə İmamzadə bu barədə “Əncümən Azərbaycan” agentliyinə danışıb.

 

“Mən Şəhər Şurasında hansısa tədbirin fars dilində keçirilməsini xatırlamıram. Yalnız vali ilə birlikdə keçirilən və ya Nazirlər Kabinetinin türkcə bilməyən hansısa nümayəndəsinin olduğu tədbirlər fars dilində keçirilib, bu qəbul olunan məsələdir.

Biz Şəhər Şurasında şəhərin bütün müdirlərinin qarşısında türk dilində söhbət edirik.

Mən fars dilini yaxşı bildiyim halda, Jurnalistlər Günündə keçirilən tədbirdə birinci çıxışçı kimi türk dilində danışdım. Cənab Hatəminin də bu məsələyə heç bir etirazı olmadı. Lakin musiqi qrupu ifa etdikdən sonra Urmiyənin bələdiyyə başçısı çıxış etdiyi zaman cənab Hatəmi türkcə başa düşmədiyini bildirib salonu tərk etməyə çalışdı.

Hiss eliyirəm ki, bəziləri şəhərin hörmətli bələdiyyə başçısının fəaliyyətinə kölgə salmaq və ya cənab Hatəmidən qəhrəman yaratmaq istəyir.”- deyə o bildirib.

 

Şəhər Şurasının rəisi radikal kürd qruplaşmalarının adını çəkmədən vurğulayıb ki, bəzi cərəyanlar siyasi ambisiya ilə çıxış edərək baş verən hadisədən maksimum bəhrələnmək istədilər. Şəhər Şurasında hər zaman tədbirlər türk dilində keçirilib. Cənab Hatəmidən soruşmaq lazımdır ki, məsələn Mahabadda tədbirlər türk və ya fars dilində keçirilir, yoxsa kürd dilində? Urmiyədə də vəziyyət Mahabada oxşardır və Şuranın tədbiləri şəhər əhalisinin dilində həyata keçirilir.

“Mən təkcə Şuranın tədbirlərində deyil, dəvət olunduğum bütün idarələrin tədbirlərində türk dilində danışıram. Bu, Urmiyədə tam normal qəbul olunan məsələdir. Eləcə də Şəhər Şurasında keçirilən tədbirlərdə türk dilində söhbət edirik. Cənab Hatəminin də bu məsələyə heç bir etirazı olmamışdır.”- deyə Şura rəisi əlavə edib.

 

Avqustun 11-də Urmiyə Bələdiyyə İdarəsi Jurnalistlər Günü ilə əlaqədar tədbir keçirmişdir. Tədbirdə Urmiyə Şəhər Şurasının kürddilli üzvü Məhəmməd Xalid Hatəmi şəhərin bələdiyyə başçısı Məhəmməd Həzrətpur türk dilində çıxış etdiyi üçün iclasda qalmaqal yaradıb, ondan farsca çıxış etməyini istəmişdir.

Lakin Məhəmməd Həzrətpur onun tələbinə məhəl qoymadan çıxışını türk dilində davam etdirmişdir.

 

Uzun illərdir ki, kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsinə göz tikib. Bu ideya İran rejimi və bir çox radikal kürdlər tərəfindən də dəstəklənir. Rejim bölgədə həyata keçirilən kürdləşdirmə prosesinə müxtəlif yollarla dəstək verir. Radikal kürdlərin həssas hökumət postlarına gətirilməsi, kürdlərin qaçaqmalçılıqla məşğul olmasına şərait yaradılması və lazım gəldikdə qruplaşmaların terror aktı törətməsi kürdləşdirmə prosesinə təkan verən amillər sırasındadır. Şübhəsiz ki, Qərbi Azərbaycan Əyalətinin demoqrafik tərkibini dəyişdirməyi planlaşdıran qüvvələr bölgədə türk dili, Azərbaycan mədəniyyəti və ona aid olan proqramları məhdudlaşdırmağa çalışır.

 

Urmiyə Şəhər Şurasının 11 üzvü var, üzvlərin 7-i türk, 4-ü isə kürddür.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN