Urmiyə Sənaye Universitetində türk dili və ədəbiyyatı dərsliyi ləğv olunub

Urmiyə Sənaye Universitetində türk dili və ədəbiyyatı dərsliyi ləğv olunub

GünAz TV: Urmiyə Sənaye Universitetində öyrəncilərinin ardıcıl tələbindən sonra tədrisinə başlanılan türk dili və ədəbiyyatı dərslikləri ləğv olunub. Bu dərsliklər məcburi deyil, könüllü olaraq seçən öyrəncilərə tədris olunurdu.

 

Öyrəncilərin uzun illər mübarizəsindən sonra türk dili və ədəbiyyatı fənni iki dərslik şəkilində Urmiyə Sənaye Universitetinə təqdim olunub. Dərsliklərin tədrisinə Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi tərəfindən icazə verildikdən və universitetin təlim şurasında təsdiqləndikdən sonra başlanmışdır.

 

Ötən semestrlərdə türk öyrəncilər arasında böyük rəğbətlə qarşılanan dərsliklər gözlənilmədən universitet rəhbərliyi tərəfindən ləğv olunub.

 

Dərsliklərin ixtiyari dərsliklər siyahısından çıxarılması çoxlarını təəccübləndirib, universitet məsulları hələlik bu barədə heç bir açıqlama verməyib.

 

Oxşar hadisə keçən ay Binab Universitetində baş vermişdir, lakin öyrəncilərin dirənişi nəticəsində türk dili və ədəbiyyatı dərslikləri yenidən bərpa olundu.

 

İran konstitusiyasının 15-ci maddəsinə görə, məktəblərdə fars dili ilə yanaşı yerli dillərin tədris olunması azaddır. Buna baxmayaraq İranda heç bir məktəbdə Azərbaycan türkcəsi tədris olunmur. Ali təhsil müəssisələri arasında isə yalnız Təbriz Universitetində 3 il əvvəl türk dili və ədəbiyyatı ixtisası yaradılıb. Lakin öyrəncilərin bu ixtisası seçməsi üçün məsullar tərəfindən müxtəlif manelər törədilir.

 

Bundan əlavə, Güney Azərbaycanın bir neçə universitetində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN