Urmiyə Universitetinin öyrənciləri türk dilinin rəsmi dil olmasını tələb ediblər – GÖRÜNTÜ

Urmiyə Universitetinin öyrənciləri türk dilinin rəsmi dil olmasını tələb ediblər  – GÖRÜNTÜ

GünAz TV: Urmiyə Universitetinin türk öyrənciləri universitetin həyətində divarlara ölkədə türk dilinin rəsmi dil olmasını tələb edən etiketlər yapışdırıblar.

 

Türk, fars və ingilis dillərində yazılan etiketlər oktyabrın 7-də divarlarda görünüb. Öyrəncilər ölkənin təkdilli təhsil sisteminə etiraz edərək məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb ediblər.

 

Etiketlərdə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Türk dili rəsmi olsun”, “Konstitusiyanın 15-ci maddəsi icra olunmalıdır” və “Biz ana dilinin tədris olunmasını tələb edirik” şüarları dərc olunub.

 

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

 

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü və Novruz bayramı günlərində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Bu il təhsil müəssisələrinin açılışı günündə “Hər şagird üçün türk dilində bir kitab” şüarı ilə başlayan kitab paylama kampaniyası bir çox Azərbaycan şəhəri, o cümlədən Ərdəbil, Meşginşəhr (Xiyav) və Zəncan şəhərlərində azərbaycanlı fəallar tərəfindən həyata keçirilib. İranın təkdilli sisteminə etiraz edən fəallar bu şəkildə ana dilində təhsil məsələsini gündəmə gətirib, İranda türk dilinə olan təzyiqlərə etiraz bildiriblər.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN