Urmiyəli idmançı Şimali İraq Kürd Muxtariyyətində saxlanılaraq işgəncə edilib

Urmiyəli idmançı Şimali İraq Kürd Muxtariyyətində saxlanılaraq işgəncə edilib

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhəri sakini, tanınmış idmançı İsmayıl Keşavərz təxminən 40 gün əvvəl Şimali İraq Kürd Muxtariyyətində saxlanılıb.

 

Ailəsinin dediyinə görə, o bu müddətdə işgəncə edilib.

 

Kiyokuşin üslubu üzrə karate məşqçisi İ.Keşavərz yanvarın 21-də karate salonu açıb dərs keçmək məqsədi ilə İraqın Ərbil şəhərinə gedib. O istədiyi məkana çatdıqdan dərhal sonra yerli kürd yönətiminin polisi tərəfindən saxlanılıb.

 

Azərbaycanlı idmançının saxlanılmasından uzun müddət keçməsinə rəğmən bu barədə İran mətbuatında heç bir məlumat yayılmayıb.

 

İ.Keşavərzin həyat yoldaşı Nazənin Zəngbari onun son vəziyyəti ilə bağlı bildirib ki, İsmayıl Kiyokuşin üslubu üzrə karate məşqçisi və dünya çempionudur. O karate salonu açmaq məqsədi ilə Ərbilə gedib. Lakin kürd təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu o halda baş verib ki, onun heç bir orqanla hərhansı əlaqəsi yoxdur.

 

“Bu hadisədən sonra İranın Ərbildəki Konsulluğu ilə əlaqə saxladıq. Müəyyən vədlər verildi, amma bu günə qədər heç bir nəticə yoxdur. Bu arada İsmayılla görüşmək üçün icazə aldıq. Təəssüflə onun üzündə işgəncələr əlamətinə şahid olduq.

Onunla bağlı heç bir iddia sübuta yetirilməyib. Bütün məsullardan, o cümlədən Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyaridən öz nüfuzundan istifadə edərək bizə yardım etmələrini  gözləyirik. Urmiyənin millət vəkili Nadir Qazipur və Xarici İşlər Nazirliyinin əyalətdəki nümayəndəsi cənab Müntəzəmiyə də bu işlə məşğul olduqlarına görə təşəkkür edirik. Bu məsələ bütün ailə üçün ciddi problemlər yaradıb. Ona görə də biz Azərbaycan əhalisi, hökumət rəsmiləri və hər kəsi İsmayıla dəstək verməyə və onu qurtarmağa çağırırıq”- deyə o bildirib.

 

Ötən günlərdə idmançının qardaşı İbrahim Keşavərz də “İlna” xəbər agentliyinə qardaşının saxlanılması ilə bağlı oxşar sözlər demişdir.

 

“İsmayılın qızı və həyat yoldaşı onunla 3 dəqiqəlik görüşdə şoka düşüb. Onlar İsmayılın işgəncələr nəticəsində çətinliklə yeridiyinə, üzü-gözünün zərbələrdən partlayıb şişdiyinə şahid olublar”- deyə İbrahim Keşavərz bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN