Urmiyənin 37 faizi şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır

Urmiyənin 37 faizi şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır

Gün Az TV: Güney Azərbaycanın ən böyük şəhərlərindən olan Urmiyə şəhəri uzun illərdir yoxsulluqdan kəndlərdən şəhərə üz tutan sakinlərlə bağlı yaranan problemi həll edə bilmir.

 

Qərbi Azərbaycan Valiliyinin Mədəniyyət və İctimai İşlər üzrə icraçı direktoru təmsil etdiyi əyalətin mərkəzi şəhəri olan Urmiyədə bu problemin getdikcə böyüdüyünü  bildirib. Onun sözlərinə görə, artıq Urmiyənin həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşanların sayı 340 min nəfərə çatıb. Bu o deməkdir ki, şəhər əhalisinin 37 faizi həmin məntəqələrdə yaşayır.

 

Urmiyə Şəhər Şurasının rəisi də bir açıqlamasında sözügedən problemə toxunub.

“İqtisadi tənəzzül, işsizlik səviyyəsinin yüksək olması və məişət problemlərinin artması Urmiyə həndəvərinə köçənlərin sayının daha da artmasına səbəb olub.

Qeyri-rəsmi yaşayış məntəqələrində çoxlu ictimai və iqtisadi problem var. Bu, işsizlik səviyyəsi və şəhərdə törədilən cinayətlərin sayının artması ilə nəticələnir. Həmin yaşayış məntəqələrində lazımi səviyyədə təhsil də yoxdur. Bütün bunlar şəhərin inkişafdan geri qalmasına səbəb olur.”- deyə Şura rəisi qeyd edib.

 

Urmiyə həndəvərində məskunlaşan əhali əsasən İslamabad, Kuştargah, Hacı Pirli, Vəkilabad, Əliabad, Hüseynabad məhəlləri, həmçinin Pərdis və Gülman şəhərciklərində yaşayır.

 

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur isə şəhər həndəvərində yaşanan daha bir problemə işarə edib. O bildirib ki, qeyri-rəsmi yaşayış məntəqələrində evlərin əksəriyyəti zəlzələyə qarşı davamsızdır. Güclü zəlzələ baş verərsə, ən çox dağıntı bu məntəqələrdə baş verəcək.

Nadir Qazipur vurğulayıb ki, yenidənqurma işlərinə ehtiyacı olan yaşayış evlərinin sayı baxımından Urmiyə ölkə üzrə birincidir.

 

Qeyd edək ki, ekspertlərin fikrinə görə, şəhər həndəvərində qeyri-rəsmi şəkildə yaşamaq yoxsulluq və mühacirət amilləri ilə bağlıdır. Belə məntəqələrdə əhalinin gəlir və nəticə etibarı ilə savad səviyyəsi aşağı olur, ona görə də insanların bir çoxu müxtəlif qanunsuz işlərlə məşğul olur. Azyaşlı uşaqlar işə cəlb olunur və müxtəlif cinayətlər baş verir. Bir sözlə desək şəhər həndəvərindəki yaşayış məntəqələrində ictimai, iqtisadi və mədəni baxımdan bir çox problem yaşanır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN