Urmiyənin millət vəkili Xocalı qətliamının ildönümündə Nikol Paşinyanın Tehrana səfər etməsinə etiraz bildirib

Urmiyənin millət vəkili Xocalı qətliamının ildönümündə Nikol Paşinyanın Tehrana səfər etməsinə etiraz bildirib

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı qətliamının ildönümündə Tehrana səfər etməsinə etiraz edib.

 

“Nəsr” xəbər agentliyinə danışan millət vəkili bu barədə İran Xarici İşlər Nazirliyinin cavabdehlik daşıdığını bildirib.

 

“Dağlıq Qarabağ islam və Azərbaycanın torpağıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. İran İslam Respublikası və onun rəhbərinin də mövqeyi bundan ibarətdir.

 

Dövlət qonşu ölkələrlə əlaqələrini gücləndirməklə Amerika Birləşmiş Ştatlarının bölgədə apardığı siyasətə qarşı mübarizə aparır. Lakin Xarici İşlər Naziliyi ixtilafların qızışmasına icazə verməməlidir. Əslində İran Azərbaycan Respublikası ilə münasibətlərinə xələl yetirilməsini istəmir.

 

Azərbaycanlı millət vəkili Nikol Paşinyanın məhz Xocalı qətliamının ildönümündə Tehrana səfər etməsinə xüsusi etiraz bildirib.

 

“Hesab eliyirəm ki, indi bu səfərin vaxtı deyildi, bu, başqa bir vaxtda həyata keçirilməli idi. Biz Ermənistanla həmsərhəd ölkələrik. Ona görə də bu ölkə ilə əlaqələrimizin olması təbiidir. Amma bu əlaqələr ölkənin əsas və rəsmi siyasətinə uyğun olmalıdır.

 

Biz parlamentdə xarici işlər nazirinə sual ünvanlayacayıq. Nazirlik açıqlamalıdır ki, nə üçün İran İslam Cümhuriyyətinin sərhədləri daxilində onun rəsmi siyasətinin əleyhinə belə bir hadisə baş verməlidir?!”- deyə o qeyd edib.

 

Hadi Bahaduri sözlərinin sonunda Dağlıq Qarabağla bağlı müsəlman təəssübkeşliyinə işarə edib.

 

“Biz deyəndə Qarabağ islam torpağıdır, bu o deməkdir ki, müsəlmanları qorumaq məsələsində heç bir sərhəddən söhbət gedə bilməz. Bizim dini inancımıza görə, Qarabağda və ya istənilən yerdə müsəlmanların haqqı müdafiə olunmalıdır.

 

Qarabağda müsəlmanların məscidini tövləyə çevirənlərə belə bir icazə, o da İran İslam Cümhuriyyətinin sərhədləri daxilində verilə bilməz”- deyə millət vəkili vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN