Urmiyənin millət vəkillərindən “farsca yetərlilik testi”nin tətbiq olunmasına kəskin etiraz

Urmiyənin millət vəkillərindən “farsca yetərlilik testi”nin tətbiq olunmasına kəskin etiraz

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkilləri Hadi Bahaduri və Ruhulla Həzrətpur Təhsil Nazirliyi rəsmisinin fars dilində danışmağın uşaqların sağlamlığının meyarı olduğu ilə bağlı verdiyi açıqlamaya kəskin etiraz ediblər.

 

Hadi Bahaduri Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadənin məktəbə hazırlaşan uşaqların sağlamlığı və təhsilə hazırlıqla bağlı yoxlama layihəsinə “farsca yetərlilik testi”nin əlavə olunması ilə bağlı sözlərinə münasibət bildirib.

 

“Dünyanın heç bir yerində bir insanın dil və ya ləhcəsi onun ölkənin imkanlarından məhrum olunmasına dəlil ola bilməz. Kimsə öz ölkəsində inkişaf etmək üçün hansısa mane ilə üzləşməməlidir. Məktəbə başlamadan əvvəl fars dilində bilməmək uşaq üçün çatışmazlıq hesab oluna bilməz. Bu işlər konstitusiya, həmçinin insan hüquqları və azadlığına zidd hərəkətlərdir.

Ölkədə müxtəlif dillərdə danışan qövmlər var. Xanım Rizvan Həkimzadənin bu açıqlaması təmami ilə ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir. Nazir müavini postunda çalışan birisinin konstitusiyanı bilməməsi böyük təəssüf doğurur.”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Hadi Bahaduri

 

Millət vəkili əlavə edib ki, araşdırmalar bir neçə dildə danışan insanın digər dilləri öyrənmə qabliyyətinin daha yüksək olduğunu göstərir. Ona görə də bir neçə dildə danışmaq üstünlük sayılır. Bu, qüsur deyil ki, müalicə də olsunsun, müalicə o insan olunmalıdır ki, insanların arasındakı fərqi görə bilmir.

 

“Ölkə qalib və məğlub qövmlərdən ibarət olmamalı, bir dil başqa dildən üstün sayılmamalıdır. İran fars dili anlamına gəlmir. Ailələrdən uşaqlarına 3-4 yaşında fars dilini öyrətməyi tələb etmək qanun və sağlam ağıla uyğun gəlmir. Hesab eliyirəm ki, belə açıqlamalar yalnız ixtilaf, nifaq və incikliyə səbəb ola bilər.”- deyə Urmiyənin millət vəkili qeyd edib.

 

Hadi Bahaduri sözlərinin sonunda vurğulayıb ki, cari ildə konstitusiyanın 15-ci maddəsinin icrası və məktəblərdə həftədə iki saat ana dilinin tədris olunmasını gözləyirdik. Təəssüflər olsun ki, bu günə qədər bu istiqamətdə hər hansı addım atılmayıb. Biz naziri ana dilinin tədrisi ilə bağlı lazımi tədbirlər almağa çağırırıq.

 

Rizvan Həkimzadənin irqçi açıqlamasına Urmiyənin digər millət vəkili Ruhulla Həzrətpur da münasibət bildirib.

Bu barədə təhsil naziri Məhəmməd Bəthayiyə məktub yazan millət vəkili məktəblərdə “farsca yetərlilik testi”nin tətbiq olunmasına etiraz edərək şagirdlər üçün ana dilinin tədris olunmasını tələb edib.

 

Ruhulla Həzrətpur

 

Ruhulla Həzrətpur yazdığı məktubda soruşub ki, Rizvan Həkimzadə bir mütəxəssis şəxs kimi hansı müsahibə və ya mövqeyində konstitusiyaya uyğun olaraq qövmlərin ana dilinin inkişafı üçün elmi işçi qrupunun yaradılması barədə fikir bildirib?!

 

“Mən cənabınızdam ciddi şəkildə tələb edirəm ki, bu yayda ölkədə ana dilinin tədrisi ilə bağlı dərsliklərin hazırlanması üçün elmi işçi qrupunun yaradılması haqda qərar qəbul edəsiniz. Şübhəsiz ki, bu qərar təhsildə ədalət təmin etməyə xidmət edəcək.”- deyə millət vəkilinin ünvanladığı məktubun digər hissəsində qeyd olunub.

 

İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyini açıqlamışdır.

Plan məktəbə daxil olmaq istəyən uşaqlar üzərində tətbiq olunacağı təqdirdə, fars dilini bilməyən uşaqların sağlamlıq durumu təsdiq olunmayacaq.

 

 

Rizvan Həkimzadə

 

Maraqlıdır ki, xanım Rizvan Həkimzadə “İsraildə dərsliklərdə irqçilik tədris olunur” adlı kitabı tərcümə edib. Onun qeyri-fars millətlərinə mənsub uşaqların asimilasyon siyasətinə məruz qalması və irqçilik zəminində açıqlama verməsi xüsusi diqqət çəkir.

 

2018-ci il iyulun 14-də İranın təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə tədrisin fars dilində olması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır. Nazirin bu açıqlaması qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərinin geniş etirazına səbəb olmuşdur.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN