Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi: “Bu il Urmu gölünə bir rial belə ayrılmayıb”

Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi: “Bu il Urmu gölünə bir rial belə ayrılmayıb”

GünAz TV: Urmu gölünün sözdə canlandırılması üçün nəzərdə tutulan layihələrin icrası bu il də ləngiyəcək. Bu, layihələri icra edən Urmu Gölünü Canlandırma Mərkəzinə vədi verilən büdcə vəsaitinin təhvil verilməməsi ilə bağlıdır.

 

Bu barədə Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti ofisinin rəisi Fərhad Sərxoş “Mehr” xəbər agentliyinə danışıb.

 

“Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan layihələrin icrası üçün yayın son ayınadək 200 milyard tüməndən çox vəsait ödənilməli idi. Təəssüflə bu vəd yerinə yetirilmədi və bu günə qədər layihələrlə bağlı hətta bir rial belə ödənilməyib.

Ötən il isə 500 milyard tümən istiqrazlar şəkilində təhvil verilib. Şübhəsiz ki, vəsait olmazsa, işlərdə durğunluq olacaq və layihələrin icrası təxirə salınacaq. Nəticədə Urmu gölünün canlandırılması nəzərdə tutulan vaxtda mümkün olmayacaq.

Urmu Gölünü Canlandırma Mərkəzi olaraq büdcə vəsaitinin ödənilməsi ilə bağlı çoxlu səy gəstərdik, lakin bir rial belə təmin olunmadı, iş fəsli isə artıq qurtarmaq üzrədir.”- deyə o bildirib.

 

Fərhad Sərxoş “Kani sib” bəndindən Urmu gölünə suyun intiqalı projesi haqda da danışıb. O bildirib ki, bu proje Urmu Gölünü Canlandırma Mərkəzinin ən böyük projesidir. Bu layihə üçün 1100 milyard tümən vəsait xərclənib, lakin cari ildə projeyə vəsait ayrılmayıb.

 

“Mehr” xəbər agentliyi qeyd edib ki, seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması şüarı davamlı olaraq dilə gətirilir, lakin son iki ildə gölün canlandırılması üçün bir rial belə ayrılmayıb.

 

Qeyd edək ki, son aylarda bölgədə artan yağıntılar Urmu gölündə suyun səviyyəsinin nisbətən yüksəlməsinə səbəb olub. Lakin göl hələ də böhran içində və qurumaq təhlükəsi ilə üz-üzədir. Bölgə əhalisi və bəzi yerli məsullar göldə vəziyyətin yenidən pisləşəcəyi barədə xəbərdarlıq edərək dövləti bu istiqamətdə tədbir almağa çağırırlar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN