Urmu gölünün canlandırılmasına ayrılan büdcə vəsaiti başqa yerlərdə xərclənir – Azərbaycanlı millət vəkili

Urmu gölünün canlandırılmasına ayrılan büdcə vəsaiti başqa yerlərdə xərclənir – Azərbaycanlı millət vəkili

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur Urmu gölünün canlandırılmasına ayrılan büdcə vəsaitinin göldə böhranı aradan qaldırmaq istiqamətində xərclənmədiyini bildirib.

 

O bu barədə sentyabrın 10-da Məclisin Xəbər Agentliyinə danışıb.

 

“Mənim fikrimcə, dövlət Urmu gölünün canlandırılması üçün ayrılan vəsaitin harada xərclənməsinə nəzarət edən bir qurum yaratmalıdır. Açıqca elan edirəm ki, Urmu Gölünü Canlandırma Mərkəzinə verilən vəsait konfrans salonu, stol (miz), stul (səndəli), texnika və digər ləvazimat almağa xərclənib. Bu işlərin Urmu gölünə heç bir faydası olmayıb. Artıq gölün qurtarılması ilə bağlı elmi araşdırmalar zamanı keçib. Təcili olaraq göldə vəziyyəti sabitləşdirib, sonra isə onu bərpa etməyə çalışmalıyıq”- deyə o vurğulayıb.

 

Ruhulla Həzrətpur əlavə edib ki, “2018-ci ildə Zab çayından gölə su intiqal etməklə göldəki vəziyyəti sabitləşdirmək mümkündür. Bundan sonra gölün canlandırılması üçün əsaslı addımlar atmaq lazımdır.”

 

Azərbaycanlı millət vəkili sözlərinin sonunda təkidlə vurğulayıb ki, dövlətin Urmu gölünə ayrılan vəsaitin necə xərclənməsinə nəzarət etməsi çox vacib məsələdir.

 

Bundan əvvəl Urmiyənin millət vəkili Nadir Qazipur da gölə ayrılan büdcə vəsaiti ilə bağlı dəfələrlə oxşar açıqlama verib. O bildirib ki, Urmu gölünə ayrılan az miqdarda pul, Canlandırma Mərkəzinin məsulları tərəfindən müxtəlif yerlərə, o cümlədən parlament və prezident seçkilərinə xərclənir.

 

Qeyd edək ki, bir çox yerli məsullar, o cümlədən azərbaycanlı millət vəkilləri Urmu gölünün canlandırılması qarşısında olan problemlərlə əlaqədar hökuməti yetəri qədər büdcə vəsaiti ayırmamaqda ittiham etməklə yanaşı, Urmu Gölünü Canlandırma Mərkəzini də vəsaitin xərclənməsi ilə bağlı şəffaflığı təmin etməməkdə günahlandırır. Canlandırma Mərkəzinin məsulları isə mərkəzə büdcə vəsaiti ödənilmir deyə göldə böhranı aradan qaldırmaq istiqamətində hər hansı əməli addım atmır. Dövlət uzun illərdir bu məsələrə aydınlıq gətirmir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN