Valideyinləri yoxsul olduğundan körpə xəstəxana tərəfindən girov götürülüb – Ərdəbildə

Valideyinləri yoxsul olduğundan körpə xəstəxana tərəfindən girov götürülüb – Ərdəbildə

GünAz TV: Ərdəbil xəstəxanalarından biri azərbaycanlı ailə xəstəxana xərcini ödəmək iqtidarında olmadığı üçün körpəni girov götürüb.

 

Məlumata görə, 15 gün əvvəl Ərdəbildən olan gənc bir xanım uşağını dünyaya gətirmək üçün bir doğum evinə müraciət edib. Vaxtından əvvəl dünyaya gələn uşağın xüsusi qulluğa ehtiyac duyduğu məlum olub, o bir müddət xüsusi aparatda saxlanılıb. Ona görə də yoxsul ailədən olan xanım və körpənin xəstəxana xərci çox olub. Onlar tələb olunan məbləği ödəyə bilmədiyi üçün körpə evə buraxılmayıb, o xəstənaxa tərəfindən girov götürülüb.

 

Bu barədə körpənin babası “İlna” xəbər agentliyinə danışıb.

“Qızımı özüm xəstəxanaya apardım. Uşaq doğulduqdan sonra onu xüsusi aparata saldılar. Ona görə də xəstəxana xərci ağır oldu. Mən və körəkənim hər ikimiz də fəhlə işləyirik. Xəstəxana xərcini ödəyə bilmədiyimiz üçün körpənin evə buraxılmasına icazə vermədilər. Onlar bunun üçün 2 minyon 40 min tümən vəsait tələb edir. Bizim isə heç bir imkanımız yoxdur.

Bu barədə Ərdəbilin millət vəkili, Ərdəbil Tibb Universitetinin rəisi və xəstəxananın rəisi ilə müzakirə etdik. Lakin heç bir nəticə yoxdur. Körpə üçün hansısa problem yaranarsa, bütün məsuliyyət xəstəxananın üzərinə düşəcək.”- deyə o bildirib.

 

Körpənin anası da “İlna” agentliyinə oxşar sözlər deyərək xəstəxanada özünə və körpəyə yaxşı qulluq edilmədiyini bildirib.

“Ötən gün uşağa süd vermək istədim. Tibb bacısı uşağı məndən aldı. Dedi ki, pul ödənilmədən uşağa süd vermək haqqın yoxdur. Sonda anamın israrı ilə bir dəfə körpəyə süd verməyə razılıq verdilər.”- deyə o bildirib.

 

Azərbaycanlı ana hökumət rəsmilərindən təkidlə yardım istəyib. “Bizə yardım olunmalıdır. Mənim körpəmi mənə qaytarın. Bizim kimi maddi problemi olan insanların təhqir olunmasına icazə verməyin.”- deyə o vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN