Xalxalda 3 min illik gümüş qədəh tapılıb

Xalxalda 3 min illik gümüş qədəh tapılıb

GünAz TV: Güney Azərbaycanın Ərdəbil əyalətinin Xalxal şəhərində aparılan arxeoloji qazıntı zamanı 3 min illik gümüş qədəh tapılıb.

 

Qədəh eradan əvvəl 850-616-cı illərdə hökm sürən Manna Çarlığı dövrünə aid edilir.

 

Ərdəbil Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəhbəri Nadir Fəllahi bildirib ki, arxeoloji qazıntılar və mütəxəssislərin araşdırmaları bu bölgədə Əhəmənilərdən (Həxamənişilər) 300 il əvvəl də yaşayış olduğunu göstərir. Onun sözlərinə görə, qədəh Həsənli (Sulduz) bölgəsində kəşf edilən gümüş qədəhlərlə müqayisə edilə bilər.

 

Adı çəkilən qədəhin Xalxal Arxeologiya Muzeyində sərgilənəcəyi bildirilsə də, azərbaycanlı mədəni fəallar bu dəyərli tarixi əsərin harada saxlanacağı barədə nigəran olduqlarını bildiriblər. Onlar əsərin illər əvvəl Meşginşəhr (Xiyav) və Sulduzun Həsənli bölgəsində tapılan tarixi qızıl kasaların taleyinə düçar olmasından ehtiyatlanır.

 

Qeyd edək ki, verilən bütün vədlərə rəğmən aradan 5 il keçməsinə baxmayaraq Meşginşəhrdə tapılan tarixi qızıl kasa bu şəhərdə sərgilənməyib, onun harada saxlandığı da dəqiq məlum deyil. Həsənli bölgəsində tapılan 3 min illik qızıl kasa isə Azərbaycanda deyil, Tehranın “Milli Muzeyi”ndə saxlanılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN