Zəhra Nəvidpurun qətl işini kimin boynuna qoymaq istəyirlər?

Zəhra Nəvidpurun qətl işini kimin boynuna qoymaq istəyirlər?

GünAz TV: Məlikanın sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan, bir müddət sonra isə qətlə yetirilən gənc qadın Zəhra Nəvidpurun qətlini zorla kimlərinsə boynuna qoymağa çalışırlar, bu İranın təhlükəsizlik qüvvələri və millət vəkilinə bəraət qazandırmaq məqsədi ilə həyata keçirilir.

 

“Məclis və Azərbaycan” hökumət saytının aprelin 24-də yaydığı məlumata görə, gənc məlikanlı qadın Zəhra Nəvidpurun qətl dosyesi ilə bağlı istintaq işləri yekunlaşmaq üzrədir.

 

“Etibarlı mənbələrdən aldığımız məlumata görə, Zəhra Nəvidpur iki nəfər tərəfindən qətlə yetirilib. Qatillər artıq saxlanılıb, hazırda qətl dosyesi Tehranda araşdırılmaqdadır.”- deyə məlumatda qeyd olunub.

 

Saytda vurğulanıb ki, saxlanılan qatillərin Məlikanın millət vəkili ilə heç bir əlaqəsi yoxdur.

 

İki həftə əvvəl Zəhra Nəvidpurun anası bir video yayaraq bildirmişdir ki, baş verən cinayəti Zəhranın qardaşının boynuna qoymağa çalışırlar.

 

“Zəhra Nəvidpurun anasıyam. Övladımı əlimdən aldılar. İndi isə Cinayət-Axtarış İdarəsinin məmurları və Hacı Salmanın adamları bizi təhdid edir. Sözümüzü deməyə imkan vermirlər. Oğlumu zindana salıblar. Mən və qızımı da saxlamışdılar. Bizi buraxdılar, lakin oğlum hələ də həbsxanadadır. Bizi qətli boynumuza almağa məcbur edirlər. Axı bizim nə günahımız var! Sizi inandığınıza and verirəm, bizim dadımıza çatın”- deyə o sözlərinin bir hissəsində qeyd etmişdir.

 

Zəhra Nəvidpur həyatdaykən 4 il müddətinə Hacı Salman Xudadadi tərəfindən cinsi təcavüzə məruz qaldığına dair məhkəmə orqanları, insan hüquqları təşkilatları və kütləvi informasiya vasitələrinə bir çox sənədlər təqdim edib.

Məlikanın vaxtı ilə “Sepah” üzvü olan millət vəkili və onun əlaltıları təcavüz qurbanını dəfələrlə qətlə yetirməklə təhdid edib. Zəhra Nəvidpur qətlindən əvvəl bu barədə çoxlu sənədlər ifşa etmişdir.

 

28 yaşlı Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Onun şübhəli ölümü Güney Azərbaycanda bir çox etirazlara səbəb oldu.

 

Bir müddət əvvəl kütləvi informasiya vasitələri Hacı Salman Xudadadinin barəsində məhkəmə hökmü çıxarıldığını bildirib. Qeyd olunub ki, Tehran Cəza Məhkəməsinin 5-ci şöbəsi millət vəkilinə qadına təcavüz ittihamı ilə bağlı bəraət verib, lakin onu qeyri-məşru cinsi əlaqədə olmaqda günahlandıraraq barəsində 2 il işindən uzaqlaşdırma, 2 il sürgün və 99 şallaq zərbəsi hökmü çıxarıb.

Martın 15-də Tehran Əyaləti Ədliyyə İdarəsinin rəisi mətbuata verdiyi açıqlamada hökmün çıxarıldığını, lakin qərarın qəti olmadığını qeyd edib.

 

Zəhra Nəvidpurun qətlindən sonra prokurorluq hadisənin qətl deyil, intihar olduğunu iddia etmişdir. Mətbuat orqanları da prokurorluq tərəfindən yayılan məlumata istinadən Zəhra Nəvidpurun zəhərli həblər qəbul edərək intihar etdiyini yazmışdır.

 

Təcavüzə məruz qalan qadının qətl dosyesi haqda yayılan ziddiyyətli xəbərlər götərir ki, bütün işlər hər kəsin şübhəli gördüyü millət vəkili və təhlükəsizlik orqanlarının etdiyi cinayəti ört-basdır etməyə yönəlib.

 

Salman Xudadadi bundan əvvəl Məlikan “Sepah”ının komandiri, Ərdəbil Ettelaat Şöbəsinin rəisi və Şərqi Azərbaycan Ettelaat İdarəsinin rəis müavini postlarında işləyib. O azərbaycanlı milli-mədəni fəallara qarşı etdiyi təzyirlərlə seçilir, bu günə qədər çox sayda fəal onun göstərişi əsasında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN