Zəlzələ bölgəsinin əhalisi yardım edilmədiyinə görə hökumətə etiraz bildirir – VİDEO

Zəlzələ bölgəsinin əhalisi yardım edilmədiyinə görə hökumətə  etiraz bildirir – VİDEO

GünAz TV: Xəbər verdiyimiz kimi, noyabrın 8-də Şərqi Azərbaycanın Tərk şəhəri məntəqəsində təxminən 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ kəndlərdə çox sayda insanın ölümü və xəsarət almasına səbəb olub.


Təbii fəlakət baş verdikdən sonra gözlənildiyi kimi yenə də dövlət tərəfindən zəlzələdən zərərçəkənlərə vaxtı-vaxtında və yetəri qədər yardım edilməyib. Vərənkeş kəndində həyatını itirənlərin bir neçəsinin məhz bu səbəbdən öldüyü bildirilir.


Hacər Mirzayi Vərənkeşi, Vərənkeş kəndi poliklinikasının işçisi bölgədə səhiyyə müəssisələrinin heç bir imkana malik olmadığından şikayətlənib.

“Vərənkeş kəndində heç bir imkanımız yoxdur. 13 yaşlı Zəhra dağıntıların altından diri çıxarılıb. Burada imkan olsaydı, o uşaq ölməzdi. Uşaq Tükmənçay məntəqəsinə aparıldı. Lakin orada da bir oksigen balonu olmayıb ki, uşağı həyata qaytarmaq mümkün olsun.”- deyə o qeyd edib.


Xanım Mirzayi Vərənkeş kəndinin heç bir imkana malik olmayan poliklinikasının dövlət tərəfindən tikilmədiyini də deyib. Onun sözlərinə görə, Vərənkeş kəndi sakini olan bir qadın qızıllarını sataraq kənd üçün poliklinika tikdirib.


https://www.youtube.com/watch?time_continue=24&v=M7uLQtXnWoI&feature=emb_logo


Təbii fəlakətdə evləri dağılan ailələrin harada gecələməsi də zəlzələdən zərərçəkənlər üçün ayrıca problemə çevrilib. Çadırda qalmaqdan başqa heç bir şansları olmayan ailələr elə birinci gecədən bir çox problem yaşayıblar.


Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, Sarabda çadırda qalan 3 nəfərlik ailə dəm qazından zəhərlənib. Onlar xəstəxanaya çatdırılıb, lakin 14 aylıq körpənin həyatını qurtarmaq mümkün olsa da, 40 yaşlı ata və ana həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.


Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi isə bazar günü verdiyi açıqlamada Sarab və Miyananın zəlzələ bölgəsində 23 nəfərin dəm qazından zəhərləndiyini bildirib.


Sarabın İran parlamentindəki millət vəkili Yusif Davudi də zəlzələdən zərərçəkənlərin ağır vəziyyətdə olduğunu deyib.
“Təbii fəlakət bölgəsində ailələr soyuq çadırlarda qalır. Artıq uşaqların çoxu xəstələnib. Sarabda evlər zəlzələyə qarşı davamlı deyil. Təxminən 30 kənddə evlər təxrib olunub. Zəlzələ bölgəsində dağıntıların təmizlənməsi əməliyyatı gözləniləndən ləng gedir. Hətta kəndlərin böyük əksəriyyətində heç işə başlanılmayıb.”- deyə millət vəkili xəbərdarlıq edib.


Bu arada Şərqi Azərbaycanda yeraltı təkanları davam edir. Bazar günü sübh saatlarında Türkmənçay məntəqəsində 10 dəfə zəlzələ baş verib. İran Seysmoloji Mərkəzinin məlumatına görə, ən güclü zəlzələ 4.8 bal gücündə olub və yerli vaxtla saat 05:43-də 8 kilometr dərinlikdə baş verib. Hələlik baş verən zəlzələ ilə bağlı itki və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN