Zəncanda bir həftədə 4 qətl hadisəsi törədilib

Zəncanda bir həftədə 4 qətl hadisəsi törədilib

GünAz TV: Güney Azərbaycanın Zəncan əyalətində Novruz bayramı günlərində 4 qətl hadisəsi baş verib.

 

Bu barədə mətbuata məlumat verən Zəncan Əyaləti Asayiş Polisinin rəisi Cəfər Rəhməti qətl hadisələrinin bir həftə ərzində baş verdiyini, qatillərdən isə ikisinin intihar etdiyini bildirib.

 

Qətl hadisələrinin biri zəncanda, üçü isə Əbhərdə qeydə alınıb.

 

Polis rəisinin sözlərinə görə, “Zəncanda Novruz bayramı günü bir şəxs qardaşı ilə birlikdə şəxsi münaqişə zəminində bir gənci qətlə yetirib. Bıçaqla qətlə yetirilən gəncin cəsədi hadisədən bir gün sonra Köşkən kəndində tapılıb. Əsas qatil cinayət hadisəsindən sonra peşman olduğu ilə bağlı məktub yazaraq intihar edib. Onun qardaşı isə polis tərəfindən saxlanılıb.”

 

C.Rəhməti Əbhərdə baş verən cinayət hadisələri ilə bağlı da qısa məlumat verib.

 

“Qətllərdən biri atanın oğul tərəfindən öldürülməsindən ibarətdir. Cinayət hadisəsi qatilin psixoloji problemindən dolayı baş verib, o hadisədən sonra intihar edib.

Əbhərdə daha bir nəfər bıçaq zərbəsi ilə qətlə yetirilib.
Üçüncü qətl hadisəsi isə otlaqla əlaqədar yaranan qarşıdurma ilə bağlıdır. Bu hadisədə bir çobanın qardaşı ov silahı ilə öldürülüb”- deyə o bəyan edib.

 

“Baş verən qətl hadisələri ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Polis hələlik, kimliyi müəyyənləşdirilən qatillərdən birini tutmağa nail olmayıb, axtarışlar davam edir”- deyə polis rəisi bildirib.  

 

Qeyd edək ki. Bir zamanlar İranda az sayda baş verən qətl hadisələrinə, indi tez-tez rast gəlinir. Ölkədə iqtisadi gərginlik, işsizlik və narkomaniyanın geniş yayılması çoxlarında psixoloji gərginlik yaratmaqla yanaşı ailələr arasında ciddi ixtilaflara səbəb olur. Elə bu səbəblərdən dolayı ölkədə, o cümlədən Güney Azərbaycanın şəhər və kəndlərində hər il çox sayda intihar faktları da qeydə alınır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN