Zəncanda koronavirus sürətlə yayılır: Dərman qıtlığı yaşana bilər

Zəncanda koronavirus sürətlə yayılır: Dərman qıtlığı yaşana bilər

GünAz TV: Güney Azərbaycanın Zəncan əyalətində koronavirus infeksiyasının sürətlə yayılması nəticəsində dərman qıtlığı və tibbi imkanların çatışmamazlığı ilə bağlı ciddi narahatlıq yaranıb.

 

Zəncan Tibb Universitetinin rəis müavini Cavad Tackey, əyalətdə  infeksiyaya tutulanların sayının artıq 169 nəfərə çatdığını bildirib.

 

Onun dediyinə görə, Zəncanda son 24 saat ərzində daha 31 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

“Təəssüflə xəstəxanaya müraciət edənlərin sayı artmaqdadır, bu isə xəstəxana imkanlarının yetərli olmayacağ ilə bağlı ciddi narahatlıq yaradır” deyən rəsmi əlavə edib ki, epidemiyanın yayılma sürəti belə davam etsə xəstələri dərmanla təmin etməkdə çətinlik yaranacaq.

  

Zəncan Tibb Universiteti əyalətdə infeksiyadan ölənlərin sayının səkkiz nəfərə çatdığını açıqlayıb.

  

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhəri karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb.

 

Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının sürətlə artdığı müşahidə olunur.

 

Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 193 nəfərdə infeksiya aşkarlanıb, onlardan yeddi nəfəri canını itirib.

 

Ərdəbil səhiyyə rəsmilərinin dediyinə görə, hazırda bu əyalətdə xəstəlik əlamətləri daşıyan 282 nəfər xəstəxanalarda müalicə alır. Bunlardan 154 nəfərinin koronavirusa yoluxduğu təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə rəsmi məlumata görə 16 nəfərə çatıb.

 

Qəzvin əyalətində isə hələlik 385 nəfərin koronavirusa yoluxduğu, 47 nəfərin həyatını itirdiyi açıqlanıb.

 

Bu rəqəm Həmədanda 113 nəfərdir ki, onlardan beş nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.

 

 Şərqi Azərbaycanda da 374 nəfərin koronavirusa yoluxduğu, 29 nəfərin isə infeksiyadan öldüyü bildirilib. 

 

 

Ü.F  


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN